Yenidən İranda TÜRK SÜLALƏSİ – Qacarlar hakimiyyətə GERİ DÖNÜŞƏ hazırlaşır

Hazırda oxunan: Yenidən İranda TÜRK SÜLALƏSİ – Qacarlar hakimiyyətə GERİ DÖNÜŞƏ hazırlaşır

115061

İranda 22 yaşlı gənc Məhsa Əmininin öldürülməsindən sonra başlayan ixtişaşlar 4 aya yaxındır ki davam edir. İlk dövrlərdə aksiyaçılar daha çox sosial narazılıqlar ön planda olsa da, sonradan siyasi tələblər etirazların əsas xəttinə çevrilməyi bacardı.

Və artıq əksər siyasi şərhçilər İranda hakimiyyət dəyişikliyinin gözlənildiyini qeyd edirlər. Əsas ehtimal isə 44 illik molla hakimiyyətinin Qərbdən gələn demokratik iqtidarla əvəz olunmasından ibarətdir. O da həqiqətdir ki, 44 il əvvəl Xomeyninin özü də Qərbdən, Fransadan gəlib, İran taxtını ələ keçirməyi bacarmışdı.

Qacarların dönüşü...

Son günlərdə Tehranda hakimiyyətə Qacarların gələcəyi iddiaları səslənməyə başlayıb. 
Məlumat üçün qeyd edək ki, Oğuz türklərinin Bayat boyuna mənsub olan Qacarlar, monqol işğalı zamanlarında İrəvan ətrafında yaşayıb və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olublar. Hələ Səfəvilər dönəmində bu sülalənin nümayəndələri orduda və dövlət idarəetməsində yüksək vəzifələrdə yer alıblar.

Nadir şah Əfşarın sui-qəsdindən sonra isə hakimiyyət uğrunda mübarizə aparan üç böyük tayfadan biri məhz Qacarlar idi. 50 ilə yaxın davam edən mübarizənin nəticəsi olaraq, Qacarlar iqtidar savaşında qalib gəldilər və Ağa Məhəmməd şah Qacar 1796-cı ildə taxta çıxdı. Həmin vaxtdan 1925-ci ilə qədər İranda Qacarlar sülaləsi hakimiyyətdə oldu.

Sülalənin son nümayəndəsi Əhməd şah Qacarın 1925-ci ildə devrilməsindən sonra isə İranda Pəhləvilərin hakimiyyəti başladı. 

Doğrudur, şahın ailəsi İrandan İngiltərəyə sürgün edildi. Amma Pəhləvilərin dövründə də İranın 5 baş naziri məhz Qacarlardan idi. Eyni zamanda Qacarlar xaricdə yaşasalar belə, 1977-ci ildən etibarən “şahənşah” titulunu özlərinə qaytarıblar. Hal-hazırda bu titulu II Məhəmmədhəsən Mirzə daşıyır.

Fransanı Britaniya əvəzləyəcək?

Təbii ki, Qacarların İranda hakimiyyətə qayıtması ehtimallardan sadəcə biridir. Lakin bu ehtimalın reallaşması üçün əsaslı səbəblər də yox deyil:

1. Qacarların türk olması səbəbindən xalqın böyük kəsimindən dəstək almaq iqtidarında olması.

2. Sülalənin Qərbdə (əsasən Böyük Britaniyada) ciddi bağlantılara sahib olması.

İkinci nüansla bağlı qeyd edə bilərik ki, hal-hazırda Britaniya ilə molla rejimi arasında narazılıqların pik həddə çatdığı hiss olunur. Belə ki, yanvarın 14-də İran Britaniyanın Tehrandakı səfirinə ölkənin milli təhlükəsizlik məsələrinə müdaxilə ilə bağlı nota təqdim edib. Elə həmin gün səfir Londona geri çağrıldı. Eyni zamanda, İranın baş prokuroruna sanksiya tətbiq edildi və Londonun nüvə sazişinə verdiyi dəstəyi dayandıracağı xəbərləri yayıldı.

Bütün bunlar baş verərkən, İranda Qacarların hakimiyyətə qayıtması iddiasının ortaya atılması isə heç də təsadüfi görünmür.

Digər tərəfdən, İranda söz sahibliyi uğrunda Fransa-Britaniya rəqabəti ilə bağlı da fikirlər səsləndirilir. Sırf bu səbəbdən, Böyük Britaniyanın özünə yaxın olan Qacarların hakimiyyətə gəlməsi üçün gücünü səfərbər etmək ehtimalı daha da artır.

Və onu da əzərə alsaq ki, hal-hazırda İranda etirazlara liderlik edən siyasi gücün olmaması nəticə qazanmağa mane olur və Qacarlar xalq etirazlarını yönəldə biləcək nüfuza sahibdirlər, o zaman Tehran taxtında yenidən türk sülaləsinin olması ehtimalını gözardı etmək olmaz.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin