İran Azərbaycanla barışmağa çalışır - DETALLAR

Hazırda oxunan: İran Azərbaycanla barışmağa çalışır - DETALLAR

114872

İranın Meşkinşəhrdən olan deputatı Mahmud Abbas-Zadə Meşkini xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşüb və onu Azərbaycanla əlaqələri genişləndirməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İran mətbuatı yayıb.

Mənbə yazır ki, görüş zamanı İslam Respublikasının Cənubi Qafqazdakı xarici siyasətinin ən mühüm məsələlərinə, xüsusilə Azərbaycanla əlaqələrə dair fikir mübadiləsi aparılıb.

İran Xarici İşlər Nazirliyi bildirib ki, millət vəkili ölkənin şimal-qərb bölgəsində xalqın və xüsusilə elitanın gözləntilərinə aydınlıq gətirib, Azərbaycanla əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü olan Meşkini ölkələr arasında dini, mədəni və dil əlaqələrinin mövcud olduğunu vurğulayaraq, hər iki tərəfdən, xüsusən də sərhədyanı ərazilərdə iş adamlarının gediş-gəlişini və fəaliyyətini asanlaşdırmaq üçün səy göstərməyə çağırıb. 

O, həmçinin İpək Yolu marşrutunun regionun iqtisadi inkişafı üçün əhəmiyyətini vurğulayıb.

İranın xarici işlər naziri də öz növbəsində İpək Yolunun açılmasının vacibliyini bildirib və qeyd edib ki, Tehran Azərbaycanla əlaqələrin möhkəmlənməsinə böyük önəm verir.

Abdollahyan millət vəkilinə İran-Azərbaycan əlaqələri və iki ölkə arasında gələcək əməkdaşlığın qarşısında duran maneələrin aradan qaldırılması üçün görülən tədbirlər barədə məlumat verib.

O, qeyd edib ki, bu yaxınlarda telefon danışığı zamanı azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə ikitərəfli və regional münasibətlərin ən mühüm məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, telefon danışığı Yeni il ərəfəsində olub. Və bu günlərdə Türkiyənin Antalya şəhərində Azərbaycan, İran və Türkiyə parlamentlərinin sədrləri bir araya gəliblər.

İran parlamentinin sədri Hüseyn Bəkir Qalibaf Tehrana qayıtdıqdan sonra jurnalistlərə bildirib ki, Azərbaycanla İran arasında “anlaşılmazlıq ucbatından yaranmış bəzi problemlər” artıq həll olunub.

Tərəflər xarici işlər və müdafiə nazirləri səviyyəsində görüşlər keçirmək barədə razılığa gəliblər. İki ölkə prezidentlərinin görüşü də gözlənilir.

Bütün bunlar onu göstərir ki, ötən ilin ikinci yarısından etibarən Tehranın aqressiv davranışı nəticəsində Azərbaycanla İran arasında yaranmış hərbi-siyasi gərginlik xeyli zəifləyib və tərəflər münasibətlərin yenidən normallaşmasına başlayıb.

Buna baxmayaraq, İranda bəzi dairələr, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycana qarşı təbliğat və təxribat xarakterli çıxışlarını davam etdirir.

Görünən odur ki, İran xarici işlər nazirinin gələn həftə Türkiyəyə səfəri zamanı Azərbaycanla İran arasında münasibətlərin yaxşılaşdırılması əsas müzakirə mövzularından biri olacaq.
Bu səfər ərəfəsində, yanvarın 11-də Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefonla məsləhətləşmələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin