Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında keçirilən “Millətlər arasında qanunun aliliyi” mövzusunda müzakirələrdə çıxış edib.
Bizim.Media xəbər verir ki, səfir öncə BMT Təhlükəsizlik Şurasına yeni üzv seçilən Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrənin BMT-dəki daimi nümayəndələrini təbrik edib.
Daha sonra Y.Əliyev BMT-nin məqsədlərindən bəhs edib və bildirib ki, təşkilat beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, eləcə də müharibə və humanitar problemlərin qarşısının alınması məqsədilə fəaliyyət göstərir.
Səfir deyib ki, təəssüf ki, BMT-yə üzv olduğu ilk illərdə Azərbaycan Ermənistanın monoetnik ideologiyaya əsaslanan təcavüzünə məruz qalıb:
“BMT əsasnaməsinin əsas prinsiplərinə, xüsusilə mübahisələrin sülh yolu ilə həlli və güc tətbiq edilməməsi ilə bağlı prinsiplərə Azərbaycanın məsuliyyətlə yanaşmasına baxmayaraq, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın böyük bir ərazisini işğal altında saxlayıb. ATƏT-in rəhbərliyi ilə aparılan vasitəçilik danışıqlarının iflasa uğradığı müddətdə, BMT TŞ-nin 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan tərəfindən gözardı edilib”.
Səfir beynəlxalq institutların öz öhdəliklərinə laqeyd münasibət bəsləməsinin və ikili standartlar tətbiq etməsinin Ermənistanı öz məkrli siyasətini davam etdirməyə daha da təşviq etdiyini bildirib.
O, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yenidənqurma və bərpa işləri ilə bağlı məlumat verib. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını üzvlərin diqqətinə çatdırıb.
Y.Əliyev əlavə edib ki, eyni zamanda Azərbaycan Ermənistanla qarşılıqlı ərazi bütövlüyünə və suverenliyə hörmət çərçivəsində dövlətlərarası münasibətlərin normallaşması təşəbbüsü ilə çıxış edib.
Bununla yanaşı, səfir iclasda Ermənistan nümayəndəsinin səsləndirdiyi saxta ittihamlara da münasibət bildirib:
“Azərbaycana qarşı təcavüzü başlayan, onun suveren ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, etnik təmizləmə siyasəti yürüdən və müharibə zamanı misli görülməmiş digər cinayətləri törədən Ermənistanın məhz indi BMT əsasnaməsinə və beynəlxalq hüquqa çağırış etməsi paradoksaldır.”
Sonda Y.Əliyev beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasında razılaşdırılmış prinsiplərə və öhdəliklərə əsaslanan ikitərəfli və məqsədyönlü danışıqları dəstəkləməsinin vacibliyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:36 / 13.01.2023
Azərbaycanın BMT-dəki nümayəndəsi erməni diplomatı faktlarla susdurdu
Hazırda oxunan: Azərbaycanın BMT-dəki nümayəndəsi erməni diplomatı faktlarla susdurdu
Hazırda oxunan: Azərbaycanın BMT-dəki nümayəndəsi erməni diplomatı faktlarla susdurdu
114488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.