Qərbi Azərbaycan necə erməniləşdirildi? – Soydaşlarımızın deportasiyası ilə bağlı TARİXİ GİZLİNLƏR

Hazırda oxunan: Qərbi Azərbaycan necə erməniləşdirildi? – Soydaşlarımızın deportasiyası ilə bağlı TARİXİ GİZLİNLƏR

114394

Tarixlə bağlı az-çox məlumatı olan hər kəs bilir ki, Ermənistanın yerləşdiyi hazırki torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Buna müvafiq olaraq, bölgənin demoqrafik tərkibinin də əsasını azərbaycanlılar təşkil edib.

Lakin 1828-ci ildən başlayaraq, 160 illik dövr ərzində vəziyyət kökündən dəyişib, 1991-ci ildə azərbaycanlıların yaşadığı sonuncu kəndin boşaldılması ilə bun torpaqlar tamamilə ermənilərin ixtiyarına qalıb.

Bizim.Media Qərbi Azərbaycanın erməniləşdirilməsi ilə bağlı bir sıra tarixi faktları araşıdırıb.

Qeyd etdiyimiz kimi, ermənilərin Arazdan şimala, xüsusilə də, İrəvan ərazisinə köçürülməsinə 1828-ci ildə Rusiya Çarlığı və Qacarlar arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra başlanıldı. 1829-cu ildə Çarlığın Osmanlı ilə bağladığı Ədirnə sülhündən sonra isə köç dalğasının sürəti daha da artıb. 
Bununla bağlı amerikalı tarixçi Castin Makkarti yazırdı:

“1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edildi, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirildi. Əvəzində 560 min erməni bu torpaqlarda məskunlaşdırıldı.

Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100 000 ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirdilər”.

İran ermənisi olan Corc Burnatyan isə həmin dövrdə İrəvan ərazisindəki əhalinin demoqrafik tərkibi ilə bağlı bunları yazıb:

“1826-ci ildə İrəvanda 117 mindən çox müsəlman, 25 minə yaxın isə erməni yaşayırdı. 1832-ci ildə isə bu say artıq bərabərləşmişdi (82 min müsəlman və 82 min erməni)”.

Lakin ingilis səyyah H. Linçin bildirdiyinə görə, 1890-cı illərdə şəhərdə (İrəvanda) ermənilər çoxluqda deyildilər.

Rusiya Çarlığı tərəfindən 19-cu əsrin sonu – 20-ci əsrin əvvələrində aparılan siyahıyaalmanın nəticələrinə görə isə əhalinin say nisbəti bu cür olub:

1873-cü il – 293 min erməni, 240 min azərbaycanlı. 

1897-ci il – 441 min erməni, 313 min azərbaycanlı.

1914-cü il – 613 min erməni – 414 min azərbaycanlı. 

1918-1991-ci illər...

1915-ci ildə Anadoluda baş verən toqquşmalardan sonra ermənilərin kütləvi köçü yeni mərhələyə qədəm qoydu.
Erməni millətçiliyinin baş qaldırdığı bu dövrlə bağlı alman tarixçi York Baberovski yazırdı:

“Andronik və Şahnəzəryanın dəstələri Zəngəzurda 18 müsəlman kəndini yer üzündən sildi. 50 minə yaxın müsəlman bölgədən köçməyə məcbur oldu. İrəvan, Üçmüədzin və Dərələyəzdən köçürülən müsəlmanların ümumi sayı isə 100 min nəfər idi”.

Bağırovun Stalinə cavabı

Köçürülən azərbaycanlıların yerini isə SSRİ dönəmində ermənilər doldurmağa başladı. Sovet hökumətinin “dəvəti” ilə 1920-1929-cu ildə 28 min erməni Ermənistan SSR-ə köçürüldü. 

1948-1954-cü illər deportasiyasında 100 min azərbaycanlı Ermənistan SSR-dən Kür-Araz ovalığına köç etməyə məcbur edildi. Bu məsələdə əsas səbəbkar isə Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutyunov idi.

Onun təklifi əsasında Stalin Ermənistan SSR-in azərbaycanlı əhalisinin Azərbaycana deportasiya edilməsi barədə əmr verib.

6 iyun 1945-ci ildə Ermənistan Kommunist Partiyasının baş katibi Qriqori Arutunov İosif Stalin tərəfindən qəbul edilmiş, Türkiyə ərazisindəki "erməni torpaqları" məsələsindən bəhs edilərkən Arutunov Qarabağ və Naxçıvan məsələsini qaldırıb. Stalin isə bu məsələni Azərbaycan Kommunist Partiyasının baş katibi Mir Cəfər Bağırovla müzakirə edilməsi gərəkdiyini bildirdi. 

O dövrdə Azərbaycanda çalışan yüksək rütbəli şəxslərdən biri olan Həsən Seyidovun da verdiyi məlumata əsasən 1945-ci ilin payız aylarında erməni olan Anastas Mikoyanla, gürcü olan Lavrenti Beriya Bağırovla görüşmüş, görüş zamanı ona yaxın zamanda İran Azərbaycanının Azərbaycan SSR-a birləşdirələcəyini bildirərək, Qarabağın Ermənistana, bəzi şimal bölgələrinin isə Gürcüstana birləşdirilməsi zarafatla müzakirə edilmişdir. Müzakirə zamanı Bağırov belə məsələlərin müzakirəsi üçün hələ erkən olduğunu demişdir.

Azərbaycanlıların 1948-1953-cü illərdəki deportasiyası layihəsi iki şeylə əsaslandırılırdı: 1) Kür-Araz bölgəsində inkişaf etməkdə olan pambıqçılığın işçi qüvvəsi tələb etməsi və 2) xaricdən Ermənistana ermənilərin köçürülməsi.
1969-cu ilin statistikasına görə, Ermənistan SSR-də yaşayan azərbaycanlıların sayı 160 min nəfər, 1988-ci ildə isə 200 min olub. Deportasiyanın sonuncu mərhələsi isə 1988-1991-ci illəri əhatə edib ki, bu illərdə 200 min azərbaycanlının hamısı Ermənistandan zorla köçürüldü.

Onu da əlavə edək ki, Ermənistan hökuməti yanında milli azlıqlar və dinlərlə iş üzrə idarənin keçmiş rəhbəri Qranuş Xaratyan 2011-ci ildə mətbuata açıqlamasında ölkədə 8 min azərbaycanlının yaşadığını iddia edib. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin