Azərbaycanın NATO yanında nümayəndəliyi İrəvanı ekoloji kampaniyanın davam etdiyi Laçın yolu ətrafındakı vəziyyətlə bağlı yalan xəbərlər yaymaqda ittiham edib. İzah edib ki, Ermənistanın artıq qeyri-qanuni fəaliyyət üçün imkanı qalmayıb, bu baxımdan tam carəsizdir.
Bizim.Media xəbər verir ki, bu fikirlər Nümayəndəliyin Twitter mikrobloqunda yerləşdirilən bəyanatında yer alıb.
“Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonundakı reallığı təhrif etmək üçün çoxlu yalan xəbərlər yayır... Ermənistanın niyə bu qədər çıxılmaz vəziyyətdə olması başa düşüləndir, çünki Laçın yolu qanunsuz fəaliyyətləri, Azərbaycanın təbii sərvətlərini talan etməsi, silah və şəxsi heyətin aparılması üçün əlçatan deyil. Onlara elə gəlir ki, bütün bunlar üçtərəfli bəyanatın (10 noyabr 2020-ci il) ruhuna və müddəalarına uyğun olub”, - bəyanatda belə deyilir.
Nümayəndəlik qeyd edir ki, Laçın yolu Azərbaycanın suveren ərazisidir və o, üçtərəfli bəyanatın altıncı bəndinə uyğun olaraq ondan müstəsna olaraq humanitar məqsədlər üçün istifadə etməyə razılıq verib və hətta iki ildən az müddətdə yeni yolun inşasını sona çatdırıb:
“Azərbaycan üzərinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirib. Ermənistan ilk günlərdən Laçın yolundan qanunsuz fəaliyyət üçün istifadə edir. Rəsmi İrəvan regionda bütün nəqliyyat kommunikasiyalarını açmayıb. Bu da üçtərəfli bəyanatın 9-cu bəndinin kobud şəkildə pozulmasıdır.
Ermənistan Laçın yolundan qanunsuz olaraq silah və şəxsi heyətin daşınması üçün istifadə edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunu əvvəlcə inkar edib, sonra isə etiraf etmək məcburiyyətində qalıb. Bu da digər məsələlərlə yanaşı, üçtərəfli bəyanatın dördüncü bəndini pozur”.
Vurğulanır ki, son 4 ayda Azərbaycan işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda Ermənistan istehsalı olan 2700 mina aşkar edib:
“Minalar 2021-ci ildə istehsal edilib və Ermənistan tərəfindən Laçın dəhlizi vasitəsilə çatdırılıb. Azərbaycan 2021-ci ilin noyabrından Ermənistanın qeyri-qanuni iqtisadi fəaliyyəti ilə bağlı məsələ qaldırıb, lakin İrəvan bu çağırışa məhəl qoymayıb”.
Bəyanatda bildirilir ki, üçtərəfli bəyanata uyğun olaraq Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır:
“Ermənistanın Azərbaycana qarşı “blokada” ittihamları əsassızdır və bu, mövcud olan yüzlərlə video ilə asanlıqla təkzib edilə bilər. BQXK-nın maşınları Laçın yolundan sərbəst keçir”.
Sonda xüsusi olaraq qeyd edilir ki, Ermənistan və bəzi marionetlər “blokada” ilə bağlı yalançı rəvayət yaratmaq üçün mülki əhalinin (erməniləri nəzərdə tutur) Laçın yolundan istifadə etməsinə qəsdən mane olurlar.
Bizim.Media