44 günlük müharibənin uğurlu yekunu göstərdi ki, bəzi problemlərin ən yaxşı həlli güc yoludur. Çünki beynəlxalq təşkilatlar və böyük dövlətlər bütün münaqişələrin həlli prosesində tərəflərin maraqlarını və haqlarını deyil, öz çıxarlarını düşünürlər.
Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın uzanmasının tək səbəbi məhz ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin siyasi maraqları idi. Çünki istər ABŞ, istər Fransa, istərsə də Rusiya münaqişənin ədalətli həllinə deyil, daha çox öz maraqlarına çalışırdı.
Ümummilli lider Heydər Əliyev Jak Şirakla nədə razılaşmamışdı?
Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev zaman-zaman Minsk Qrupunun birtərəfli mövqeyini kəskin şəkildə tənqid edib, həmsədr dövlətlərin rəhbərlərini ədalətli olmağa çağırıb.
Bundan əlavə dəfələrlə Minsk Qrupunun tərkibinin dəyişdirilməsini təklif edib. Ümummilli lider görüşlərin birində deyir:
“Təsəvvür edin, Fransa prezidenti mənə deyir ki, Siz niyə bizim Minsk Qrupunun həmsədri olmağımızın əleyhinəsiniz? Mən də ona deyirəm ki, mənim sizə böyük hörmətim var, Fransa dövlətinə hörmətimiz var. Amma burada erməni diasporu çox güclüdür. Və onları çoxu dövlət strukturunda çalışır. Ona görə də Fransanın həmsədrliyi məsələnin həll olunmasına maneə ola bilər. O isə mənə deyir ki, Siz səhv edirsiniz. Bizim Ermənistanla əlaqələrimiz həqiqətən yaxşıdır. Ona görə də bizim Ermənistana təsir etmək imkanları başqa ölkələrinkindən daha da artıqdır. Amma buna baxmayaraq mən Fransanın həmsədrlik etməsinə etiraz etdim”.
Hadisələrin sonrakı inkişafı göstərdi ki,böyük siyasətçi fikirlərində tamamilə haqlıdır. Fransa bütün hallarda həqiqətin deyil, ermənilərin yanında dayanıb. Çox təəssüf ki, bu bədnam niyyət bu gün də davam etməkdədir.
MÖVZU İLƏ BAĞLI:
ATƏT-in regiona missiya göndərməsi absurd addımdır – TƏHLİL
ATƏT Dağlıq Qarabağa müstəqillik istəyirdi
ATƏT-in Minsk Qrupu bu münaqişənin ədalətli həllini heç zaman istəməyib. Hər zaman ermənilərin maraqlarının müdafiəçisi kimi çıxış edib.
Ümummilli lider 2001-ci ildə Milli Məclisdə çıxışı zamanı bildirdi ki, bütün bu danışıqlarda, Minsk Qrupunun verdiyi təkliflərdə bunlar Dağlıq Qarabağa müstəqilliyə yaxın bir status verməklə məsələni həll etmək istəyirlər:
“Yaxud tamam müstəqillik vermək istəyirlər. Minsk Qrupunun bütün təkliflərindən bu görsənir. Başqa şey görsənmir. Biz də buna razı olmamışıq, razı ola bilmərik”.
Qəribə burasıdır ki, ATƏT-in Minsk Qrupu hər zaman münaqişənin həlli üçün deyil, ermənilərin maraqlarının müdafiəçisi kimi çıxış edib. Və bunu heç gizlətməyiblər də. Bu azmış kimi münaqişənin həlli üçün Azərbaycana istədikləri şərtləri zorla qəbul etdirmək istəyiblər. Buna gücləri çatmayanda isə digər resurslardan istifadə edərək ölkəmizə qarşı çirkin kampaniya aparıblar.
Azərbaycana qarşı çirkin kampaniyanın arxasında Minsk Qrupu dayanırdı
Dahi öndər ATƏT-in nümayəndələrini Bakıda qəbul edərkən onlara xatırladıb ki, biz 2 dəfə Minsk Qrupunun təkliflərini qəbul edəndə, Ermənistan qəbul etməyəndə heç kəs Ermənistanı qınamadı, günahlandırmadı, məcbur etmədi ki, nə üçün onlar bu təklifləri qəbul etmir:
“Amma biz Minsk Qrupunun təklifini qəbul etmiyəndə bizim əleyhimizə yazılar yazılır, çıxışlar edilir. Bizi məcbur edirlər ki, biz bu formatı qəbul edək. Ona görə də bizdə belə bir fikir formalaşır ki, Minsk Qrupunda da ədalətsizlik prinsipləri özünü göstərir. Onda biz kimə inanaq?!”.
Ən dəhşətlisi o idi ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və onların siyasi rəhbərləri Azərbaycan torpaqlarının 20 faiz ərazisinin işğal olunması və 1 milyon əhalinin didərgin düşməsinə hər zaman barmaqarası baxıb. Belə olmasa idi danışıqların getdiyi illərdə Rusiya, ABŞ, Fransa dövlətlərinin və yaxud ATƏT-in rəhbəri Azərbaycana gələr, 1 milyon insanın acınacaqlı yaşam tərzi ilə tanış olardı.
Baxmayaraq ki, Ümummilli lider həmsədr ölkələrin və ATƏT-in missiyalarının ölkəmizə səfərləri zaman təkrar-təkrar deyib ki, ATƏT-in sədrinə mənim bu fikirlərimi çatdırasınız:
“Mən arzu edirəm ki, o bura gəlsin. Onunla birgə vertolyotla çadır şəhərciklərinin birinə, ikisinə baxaq. Onda o biləcək ki, Azərbaycan nə vəziyyətdədir. Rusiya, ABŞ, Fransa kimi böyük dövlətlər ATƏT-in qarşısında öz üzərlərinə götürdükləri vəzifəni əgər yerinə yetirə bilmirlərsə, bu həmin ölkələrə və onların rəhbərlərinə şərəf gətirmir”.
ATƏT-in Minsk Qrupu toy yaşına çatdı
Təbii ki, istər ATƏT-in sədri, istərsə də həmsədr ölkələrin liderlərinin Qarabağ münaqişəsinə öz baxışları vardı. Və bu baxış bucağında Azərbaycanın maraqları və münaqişənin ədalətli həlli görünmürdü. Onlar ən yaxşı halda münaqişəni dondurmağa çalışırdılar. Bu isə Azərbaycanı qətiyyən qane etmirdi. Təsadüfi deyil ki, Heydər Əliyev cənabları ATƏT-in missiyasının rəhbərliyi ilə görüşlərinin birində açıq kinayə və hiddətlə bildir ki, mən dünən fikirləşdim ki, Ermənistan-Azərbaycan konfliktinin artıq 13 yaşı var:
“ATƏT-in Minsk qrupunun 9 yaşı var. Görün neçə illər keçib, amma məsələ həll olunmayıb. Bir az da gözləsək Minsk Qrupunun evlilik yaşı çatacaq. Onda gərək onu evləndirək, yada ki, qız olsa onda gərək onu ərə verək. Bu toy daha tez ola bilər. Ona görə də düşünməliyik ki, bu yaşlar nə qədər artacaq?!”.
Azərbaycan xalqı Minsk Qrupuna necə “toy etdi?”
Bu kinayələrin qarşısında ATƏT nümayəndələri susmaqla işlərini bitmiş hesab edirdilər. Təbii ki, ikili oyunlar on illiklər boyu davam edə bilməzdi. Ona görə də Müzəffər Ordumuz mübariz xalqımız dəstəyi və Ali Baş Komandanın rəhbərliyi ilə fövqəldövlətlərin çözə bilmədiyi problemi cəmi 44 günə həll etdi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olundu.
Lakin, istər ATƏT, istərsə də ABŞ, Fransa və Rusiya yenə də öz çirkin niyyətlərindən əl çəkmir. Bu gün də Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişinə əngəl olurlar. Amma bu da uzun sürə bilməz. Azərbaycan növbəti “Yumruq” əməliyyatı ilə məsələni kökündən və birdəfəlik həlli üçün məqam gözləyir.
Surxay Atakişiyev, Bizim.Media