Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyətinin azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə səfəri davam edir.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş Qərargah rəisi bölmələrdə şəxsi heyətin döyüş hazırlığını yoxlayır və hərbi qulluqçuların xidməti məişət şəraiti ilə maraqlanır.
Döyüş növbətçiliyinə cəlb olunan heyətlə görüşən general-polkovnik K.Vəliyev ərazidəki mövcud vəziyyətlə də tanış olub.
Məruzə edilib ki, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təşkili üçün bütün zəruri şərait yaradılıb.
Hərbi qulluqçularla görüş zamanı onların qayğıları ilə maraqlanan Baş Qərargah rəisi şəxsi heyəti bayramlar münasibətilə təbrik edib və qiymətli hədiyyələr verib.
Sonra Baş Qərargah rəisi idarə heyəti ilə görüşərək bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, xidmət zamanı şəxsi heyətin sayıqlığının gücləndirilməsi ilə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını çatdırıb.
Görüşdə 2023-cü il ərzində yerinə yetiriləcək tədbirlər barədə ətraflı müzakirələr aparılıb.
Bizim.Media