Azərbaycan 2022-ci ildə öz siyasi kursunda mühüm irəliləyişlərə nail oldu. Bakı ilə Ankara arasında münasibət və əlaqələr bu il daha yüksək səviyyəyə qalxıb. Eyni zamanda, Azərbaycanın İsraildə səfirliyi də açıldı. Cari ildə Bakı regionda sülhün əldə edilməsi istiqamətində də bir sıra addımlar atıb. Lakin Ermənistanın həmişə olduğu kimi, qeyri-konstruktiv mövqeyi səbəbindən yola saldığımız ildə bu istiqamətdə hansısa bir ciddi irəliləyiş baş verməyib.
Mövcud vəziyyətdə yeni, 2023-cü ildə Azərbaycanın siyasi kursunda nələr gözlənilir?
Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, növbəti ildə Azərbaycanın xarici siyasətində total dəyişikliklərin olacağı gözlənilmir:
“Azərbaycan-Ermənistan münasibətləri məsələsi mövcud olan yolla davam etdiriləcək. Qarabağ mövzusu yenə də aktual olacaq. Gələn il bu mövzu daha da güclənəcək. Bu mövzuya da xarici siyasi məsələ kimi deyil, daha çox daxili siyasi məsələ kontekstində baxılmalıdır. Bu istiqamətdə xarici siyasi məsələlər artıq ikinci plana keçəcək. Sadə dildə desək, bu məsələ ilə artıq Xarici İşlər Nazirliyi yox, Daxili İşlər Nazirliyi və digər qurumlar məşğul olacaq. Separatçı rejimdə vəzifə alan Ruben Vardanyan son çıxışından anlaşılır ki, Qarabağda yaşayan ermənilər üç qrupa bölünüblər. Bir qrup gələcəyini Azərbaycan dövlətinin tərkibində görür, o birisi artıq köçmək barədə düşünür.
Üçüncü qrup isə guya Azərbaycana qarşı mübarizəni davam etdirmək niyyətindədir. Bu da onu göstərir ki, Azərbaycanın yürütdüyü siyasətində həmin qrupların hər birinə aid xüsusi siyasət yürüdüləcək. Hesab edirəm ki, inteqrasiya prosesi daha güclü sürət alacaq”.
Həmsöhbətimiz əmindir ki, gələn il Azərbaycan artıq bu məsələnin çox hissəsini həll edəcək:
“Ermənistan-Azərbaycan münaqişəsinə aid beynəlxalq ictimaiyyətin maraq və diqqəti azalıb. Beynəlxalq aləmdə bu mövzu artıq aktual deyil. Gələn ildə həmin tendensiya davam edəcək”.
T. Zülfüqarov qeyd edir ki, gələn il Bakının Ankara ilə əməkdaşlıq və müttəfiqliyi daha da yüksələcək:
“Bu müttəfiqlik növbəti ildə regionumuzda daha aktiv rol oynayacaq. Bu da ölkəmiz üçün yeni imkanlar açacaq. Həmçinin, mövqelərimizin daha çox beynəlxalq iqtisadi əlaqələr müstəvisində möhkəmləndirilməsi istiqamətində də müəyyən addımlar atılacaq. Avropanın enerji təminatında Azərbaycan aktiv iştirakçı ölkəyə çevrilib. Digər iqtisadi mərkəzlər də ölkəmiz üçün maraq kəsb edir. Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstanın imkanları məsələsi böyük potensiala malik olan bir məsələdir”.
Rüfət Sultan, Bizim.Media