Xəbər vediyimiz kimi, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Belə ki, Prezidentin doğum günündə İcmanı ziyarət etməsi daha çox diqqət çəkib. Eyni zamanda İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusilə maraq doğurub.
Prezident çıxışında Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın problemləri, onları tarixi dədə-baba yurdlarına qayıdış konsepsiyası, eləcə də Ermənistanda dağıdılan tarixi irsimizlə bağlı fikirlərinin bölüşüb.
Bizim.Media Prezidentin Qərbi Azərbaycanla bağlı verdiyi mühüm mesajları təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” – İlham Əliyev
1. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.
2. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi.
3. Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.
4. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük.
5. Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur.
6. Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq.
7. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır.
10. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.
11. İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə - Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar.
12. Hesab edirəm ki, ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilməlidir. Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin.
13. Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb? Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb.
14. Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır.
15. Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.
Murad Əhmədov, Bizim.Media