Lavrov-Bayramov görüşünün NƏTİCƏLƏRİ 

Hazırda oxunan: Lavrov-Bayramov görüşünün NƏTİCƏLƏRİ 

111665

23 dekabrda Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında ikitərəfli görüş baş tutub. Görüş A.Mirzoyanın iştirakı ilə üçtərəfli formatda planlaşdırılsa da, son anda erməni nazir Qarabağda yaranmış vəziyyəti bəhanə gətirərək görüşdə iştirakdan imtina edib. Mirzoyanın qərarı planlaşdırılmış görüşü pozmayıb: üçtərəfli danışıqlar ikitərəfli danışıqlar formasını alıb, Ermənistan isə Lavrovun sözü ilə desək öz mövqeyini ifadə etmək üçün vacib diplomatik meydançadan məhrum olub.

Bizim.Media xəbər verir ki, görüşün mümkün nəticələri barədə Cənubi Qafqaz Təhqiqatlar Bürosu araşdırma aparıb.

Müəlliflər qeyd edirlər ki, Mirzoyanın yoxluğu regional proseslərin dinamikasına ciddi təsir etməsə də, bu addım Moskva tərəfindən birmənalı olaraq diplomatik demarş kimi qiymətləndirilib.

Mətbuat konfransında Lavrov bu məsələyə 3 dəfə fərqli formalarda toxunub. O İrəvanın Bakıya əvvəldə iddia və ittihamlarının olmasına baxmayaraq  Praqa, Brüssel və Vaşinqtona getdiyini xatırladıb. 

Xarici işlər nazirləri arasında görüşlər adətən liderlərin sonrakı görüşlərinə hazırlıq məqsədilə keçirilir. Peskova görə Paşinyan MDB ölkələrinin Sankt-Peterburqa keçiriləcək görüşünə qatılacağını bildirsə də, liderlər arasında üçtərəfli görüş planlaşdırılmır. Başqa sözlə desək, İrəvan həm xarici işlər naziri, həm də lider səviyyəsində Moskvaya diplomatik demarş elan edir.
Lavrov-Bayramov görüşündə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda cari vəziyyət müzakirə edilib.

Azərbaycan və Rusiya tərəfinin rəsmi məlumatına əsasən, görüş çərçivəsində post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, qeyri-qanuni iqtisadi fəaliyyətə cavab olaraq Laçın yolu ətrafında etirazlar və ölkə liderləri arasında imzalanmış dörd üçtərəfli razılaşmanın icra edilməsi müzakirə edilib.  

Ermənistan, vaxtaşırı isə Rusiya, Azərbaycanın daxili işi sayılan Qarabağı müzakirə obyektinə çevirməyə cəhd etsə də, son iki ilin müşahidələri göstərir ki, görüşlərdə yalnız dövlətlərarası məsələlər müzakirə edilib.

Soçidə V.Putin ilə ikitərəfli görüş zamanı Azərbaycan Prezidenti Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını, iki il bundan qabaq həll edildiyini və praktiki olaraq müzakirə edilməli olan məsələlərin olmadığını qeyd edib.  

Qarabağ Rusiyaya regionda hərbi mövcudluğunu qorumaq üçün vacibdir. Rusiya Cənubi Qafqaz ölkələrinin hər üçündə bu və ya digər statusda hərbi mövcudluğa malikdir:

Ermənistanda Gümrü və Erebunidə, Gürcüstanda Abxaziya və Cənubi Osetiyada, Azərbaycanda isə sülhməramlı kontingentlə (RSK) Qarabağda.  

Qərb ilə geosiyasi qarşıdurmada Rusiya resurs və təsir imkanlarını sürətlə itirdiyindən Moskva RSK-nı tərəflərin yekun sülh sazişinə salmaq istəyir. Bu hədəfə çatmaq üçün Moskva iki fərqli strategiyaya əl atıb. Birinci strategiyaya görə sülh sazişinin imzalanması maksimal dərəcədə uzaq bir perspektivə saxlanılmalı, o vaxta qədər isə RSK-nın qalma müddəti hər beş ildən bir uzadılmalı idi. Bu yanaşma Azərbaycan və Qərb tərəfindən birmənalı olaraq rədd edilib. İkinci strategiya İrəvan və Bakı arasında çərçivə sülh sazişinin imzalanmasını, Qarabağ məsələsinin isə qeyri-müəyyən gələcəyə saxlanılmasını özündə ehtiva edib. Lakin, bu yanaşma da Azərbaycan tərəfindən rədd edilib.  
Vardanyan kartı da Moskvaya xeyir gətirməyib. Vardanyanın Bakı-Xankəndi dialoquna müdaxiləsi Rusiyanın Azərbaycanla, Vardanyanın perspektivdə Paşinyanın yerinə hakimiyyətə gətirilmə planı isə İrəvanla münasibətləri kəskinləşdirib.  

Lavrov-Bayramov görüşündən belə nəticə çıxartmaq olar ki, Rusiya buraxdığı siyasi səhvləri nəzərə alıb, yeni regional yanaşma üzərində işləməkdədir.

Bu yeni yanaşma Azərbaycanın RSK ilə bağlı narahatlıqlarını nəzərə almalıdır. Laçın yolu vasitəsilə Qarabağa 1) silahların daşınması, 2) Bakının razılığı olmadan xarici vətəndaşların gəlməsi və 3) təbii sərvətlərin talan edilməsi dayandırılmalıdır. Bu mövcud əlaqələrin geriləməməsi üçün Bakının əsas tələbi və diplomatik minimumudur. Bu məsələlər üzrə razılıq əldə edilməsə Rusiyanın Cənubi Qafqaz siyasəti iflasa uğrayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin