Əvvəlcə qeyd edək ki, silah satışından ən çox qazanan ölkələr ABŞ, Rusiya, Fransa, Almaniya və Çindir.
Bizim.Media xəbər verir ki, son illər Yaxın Şərq, Liviya və ən axırda Qarabağdakı 44 günlük savaş silah bazarındakı vəziyyətin dəyişməsinə yol açıb.
MÖVZU İLƏ BAĞLI:
“Bayraktar”dan daha güclü PUA-lar gəlir - Türkiyə istehsala başladı - VİDEO
Silah monopoliyasında oturuşmuş dövlətlərin yanında özünə yer edən, hətta hərbi hegemonlardan bəzilərini “beşlik”dən sıxışdırıb, çıxara biləcək güc barədə hərbi ekspert Ədalət Verdiyevlə danışdıq.
“Türkiyə son 10 ildə ABŞ-dan istədiyi silahları ala bilmədiyinə görə daxili müdafiə sənayesi kompleksini inkişaf etdirmək məcburiyyətində qaldı. 30 ildən artıqdır ki, Türkiyə həm yerləşdiyi regionda - Suriya, İraq ərazisində yerləşən PKK terrorçuları ilə mübarizə aparır, həm də Yunanıstanla Egey dənizində yerləşən adalar ətrafında münaqişəyə çevrilə biləcək mübahisələr, narazılıqlar var.
Bu baxımdan Türkiyə NATO-nun ikinci ən böyük ordusu kimi silahlanma məsələsində geri qala bilməzdi. Artıq Türkiyə dünyada pilotsuz uçuş aparatları kopleksinə görə ilk üçlükdədir.”
Hətta PUA-ların istehsalı üçün bəzi ölkələrin müvafiq avadanlıqları Türkiyəyə satmaqdan imtina etməsi də qardaş ölkəni büdrətmədi deyən Ədalət Verdiyev əlavə etdi ki, rəsmi Ankara həmin detalları özünün istehsal etdiyi komponentlərlə əvəzlədi.
Hərbi ekspertin sözlərinə görə, Türkiyəyə bu yolla təzyiq göstərmək istəyən Kanada kimi dövlətlərin “arzu”su ürəyində qaldı.
Onu da deyək ki, Türkiyə mina təmizləmə sahəsində də proqresə imza atıb. Azərbaycan isə Ankaradan MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) alan ilk ölkə kimi tarixə düşüb.
Hərbi ekspert bu haqda da bəhs etdi.
“Türkiyədən alınan MEMATT 500 metr məsafədən idarə olunan özüyeriyən robotlardır. Saatda 4 kilometr məsafə qət edir. İnsan müdaxiləsi olmadan (mexaniki üsulla) 25 santimetr dərinlikdə təmizləmə işləri aparır.
1.7 metr enində 1 kilometr uzunluğunda məsafəni 1 saata təmizləyir.
Bu nə deməkdir? Bu, 20 texnikanın hər saatda toplam 34 min kv.m ərazini minalardan təmizləməsi deməkdir”.
Hərbi ekspert bildirdi ki, Türkiyə yeni növ PUA-ların kütləvi istehsalına hazırlaşır, bundan başqa 2023-cü ildə yeni qırıcı təyyarənin uçuşunu planlaşdırıb.
Qeyd edək ki, “Akınçı TİHA” (Akıncı Taaruzi İnsansız Hava Aracı) sələflərindən daha güclü hava hücumuna malik olacaq.
Türkiyənin güclənməsi dolayısı ilə Azərbaycanın da güclənməsidir deyən Ədalət Verdiyev birgə istehsalın Azərbaycanda da təşkil olunmasını istisna etmədi.
Türkiyənin qlobal silah monopoliyasına necə təsir etməsinə gəlincə,
“Suriya, Liviya və Qarabağ müharibəsində əsas rol oynayan silahlardan biri Türkiyə istehsalı olan zərbə tipli PUA-lar olub. Maraqlıdır ki, dronlarda istifadə olunan sursatlar da Türkiyə istehsalıdır. Bu isə dünya silah bazarında zirehli texnikaların alınıb, alınmaması ilə bağlı suallar yaradır.
Məsələn Bayraktarın buraxdığı bir ədəd 100 min (təxminən) dollarlıq sursat 5-7 milyonluq tankı sıradan çıxardır.
Ortada 70-80 dəfə artıq rəqəmdən söhbət gedir. Yəni mən 1 manatla düşmənə 70-80 manat ziyan vururam. Ucuz və kontaktsız müharibə...”.
Dronlarla savaş şəxsi heyətin həyat riskini azaldır deyən mütəxəssis bununla bahalı sursatların da qorunduğunu bildirdi.
Ədalət Verdiyevin də söylədiyi kimi, bütün bunlar gələcəkdə müharibələrin məhz PUA-lar üzərindən aparılacağı faktını inkar etmir.
Silah bazarının satış trayektoriyası da belə dəyişə bilər. Çünki sursat monopolistlərini (ABŞ, Rusiya və s.) narahat edən reallıq Türkiyənin dron istehsalında inkişaf etmiş və isbatlanmış tərəf olmasıdır.
Anar Rəhimov, Bizim.Media