Son günlərdə ölkəmizdə Naxçıvan Muxtar Respublikasının statusunun ləğvi məsələsi geniş müzakirə olunur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Naxçıvan Azərbaycanın daxilində Muxtar Dövlət statusuna sahibdir.
Konstitusiyanın 134-cü maddəsinin 2-ci bəndində qeyd olunur:
Naxçıvan Muxtar Respublikasının statusu bu konstitusiya ilə müəyyən edilir.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanda Vasif Talıbovun hansı qadağaları aradan qaldırıldı? - VİDEO
Lakin digər tərəfdən, Naxçıvanın statusu məsələsi Qars müqaviləsində də öz əksini tapıb. Və 1922-ci ildə imzalanmış Qars müqaviləsi beynəlxalq hüquqi sənəd stqatusundadır.
Belə olan halda sual yaranır:
Naxçıvanın Muxtar Respublika statusunun ləğvi hansı formada mümkündür?
Mövzunu Bizim.Media üçün şərh edən Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd edib ki, Moskva və Qars müqavilələrinə görə, Naxçıvan Azərbaycanın tərkibində muxtar ərazi statusunda saxlanılıb:
“Amma muxtar ərazi o demək deyil ki, Naxçıvan mütləq şəkidlə “Muxtar Respublika” statusunda olmalıdır. Doğrudur, Konstitusiya qəbul olunduqdan sonra Naxçıvan statusu “Muxtar Respublika” olaraq müəyyən edildi. Lakin son dəyişikliklərdən sonra Naxçıvan “Muxtar Dövlət” statusuna malikdir. Bunun özü əslində unitar dövlət anlayışı ilə bir araya sığmayan məsələdir”.
Qulamhüseyn Əlibəyli “Muxtar Dövlət” statusunun ləğvinin hansı formada ola biləcəyini də diqqətə çatdırıb:
“Əslində həll forması olduqca sadədir. Azərbaycanda referendum keçirib, konstitusiyaya dəyişiklik etməklə Naxçıvanın statusunu dəyişmək mümkündür.
O ki qaldı Qars müqaviləsi ilə bağlı məsələyə, həmin sazişdə təkcə Naxçıvanın statusu məsələsi nəzərdə tutulmayıb. Bu məsələ sazişin yalnız bir bəndini əhatə edir.
Müqavilədə ərazilərin tanınması ilə bağlı məqamlar var ki, onlar qüvvədə qalacaq. Sadəcə olaraq, Naxçıvanın Azərbaycan daxilində Muxtar ərazi olması ilə bağlı həmin müqavilədə nəzərdə tutulan hüquq öz qüvvəsini itirmiş olacaq. Çünki referendum yolu ilə qəbul olmuş aktlar, o cümlədən konstitusiyalar bütün beynəlxalq hüquq normalarından və müqavilələrindən üstün olmalıdır”.
Murad Əhmədov, Bizim.Media