Serbiya Prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub - FOTO

Hazırda oxunan: Serbiya Prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub - FOTO

110891

Azərbaycanda işgüzar səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Heydər Əliyev Mərkəzində olub. 

Bizim.Media xəbər verir ki, ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir. 
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Serbiya Prezidentinin böyük marağına səbəb olub.

Ali qonağın diqqətinə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir. 

Aleksandar Vuçiç Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub.

Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur.

Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər. 

Sonra Serbiya Prezidenti Mərkəzdəki “Klassik avtomobil sərgisi” ilə tanış olub. Azərbaycan Avtomobil Federasiyasının və Mərkəzin birgə layihəsi olan bu sərgidə diqqətə çatdırılıb ki, avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edir, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış olmaq imkanı qazanırlar. 

Heydər Əliyev Mərkəzi ilə tanışlıq Serbiya Prezidenti Aleksandar Vuçiçdə xoş təəssürat yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin