Ərdoğan Aşqabad görüşü öncəsi İlham Əliyev haqqında nə deyib? – DETALLAR

Hazırda oxunan: Ərdoğan Aşqabad görüşü öncəsi İlham Əliyev haqqında nə deyib? – DETALLAR

109495

Bu gün Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin Zirvə görüşü keçiriləcək.

Bu görüşlə bağlı müzakirələr artıq xeyli vaxtdır gedir. Çünki, bu görüşün nəticələri regionun siyasi-iqtisadi mənzərəsini dəyişdirə bilər. Söhbət uzun illər Avropa üçün əlçatmaz olan Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Qərbə ötürülməsindən və Avropanı qaz böhranından xilas etməkdən gedir.

Təsadüfi deyil ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfəri öncəsi verdiyi açıqlamada deyib ki, məqsədimiz təkcə üç ölkənin xalqı üçün deyil, həm də bölgəmiz üçün daha firavan və təhlükəsiz gələcək qurmaqdır:
“Avaza Sammiti əsasən təbii qazla bağlı addımların atılmasına yönəlib. Bunun üçün enerji və təbii sərvətlər nazirimiz sammitdə bizimlə olacaq. Görüşləri orada keçirəcəyik. Qarşı tərəfdə cənab İlham Əliyevin olması bu proses üçün vacibdir. Ümid edirəm ki, Türkmənistan qazını Xəzər vasitəsilə ölkəmizə gətirəcəyik”.

Məsələ ilə bağlı ekspert İlham Şabanın da fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Türkmənistan qazının alınması və Türkiyə vasitəsi ilə Avropaya nəql edilməsi məsələsi ilk dəfə 1997-ci ildə gündəmə gəlib. O zaman, “Botaş” şirkəti ilə “Türkmənqaz” Dövlət Konserni arasında bir ildə 30 milyard kubmetr qazın Azərbaycan üzərindən Türkiyəyə çatdırılması barədə müqavilə imzalanmışdı. Həmin sazişə görə qazın 10 milyard kubmetri Türkiyədə qalacaqdı, 20 milyard kubmetr qaz isə Avropaya ötürüləcəkdi.

Bu məqsədlə Xəzər dənizindən keçəcək “Transxəzər” boru xəttinin çəkilməsi də nəzərdə tutulmuşdu. Bu müqavilənin imzalanmasından 25 il keçməsinə baxmayaraq, “Transxəzər” layihəsi bəzi səbəblər üzündən kağız üzərində qalıb. Bu günkü Zirvə görüşü yəqin ki, layihəni işlək vəziyyətə gətirəcək”. 

İlham Şabanın sözlərinə görə, bu layihə reallaşacağı təqdirdə Azərbaycan əsas oyunçuya çevriləcək:

“Avropanın qaz təhcizatında mühüm pay sahibi olacağıq. Bir sözlə, “Transxəzər” layihəsi reallaşacağı təqdirdə ölkəmiz kifayət qədər iqtisadi divident əldə edəcək və siyasi gücünü bir qədər də artırmış olacaq”.

Zirvə görüşü ilə daha bir əlamətdar hadisənin anonsunu ötən gün Türkiyə lideri verib.

Ərdoğan bildirib ki, başda Türk Dövlət Təşkilatlarımız olmaqla çoxtərəfli əməkdaşlığın gücləndirilməsi hədəflərimiz arasındadır:

“Ümid edirəm ki, 21-ci əsrin Türk Əsri olması üçün çalışmağa, əməkdaşlıq etməyə və qardaşlığımızı hər sahədə gücləndirməyə davam edəcəyik. Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə görüşünün ölkəmizə, bölgələrimizə, türk dünyasına xeyirli olmasını arzulayıram”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin