Hikmət Hacıyev: “Ermənistan PKK- dan cəbhə xəttində istifadə edir”

Hazırda oxunan: Hikmət Hacıyev: “Ermənistan PKK- dan cəbhə xəttində istifadə edir”

1091

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Britaniya Xarici Xəbər Assosiasiyasının təşkil etdiyi onlayn görüşdə səsləndirib. O, eyni zamanda Ermənistanın Qarabağdakı qüvvələri içərisində PKK terrorçularının yer almasından narahatlıq duyduğunu qeyd edib. Onun bildirdiyinə görə, PKK terrorçuları əsasən cəbhə xəttində, hərbi əməliyyatların intensiv aparıldığı bölgələrdə istifadə olunur. Hikmət Hacıyev, eyni zamanda Suriya, Livan, ABŞ, Kanada və Fransa daxil olmaqla bir neçə ölkədən muzdlu döyüşçülərin də Ermənistan silahlı qüvvələri sıralarında döyüşdüklərini əlavə edib.


Azərbaycan tərəfinin Suriyadan gətirilmiş muzdlulardan istifadə etməsi ilə bağlı iddialara cavabında isə o, “bizim buna ehtiyacımız yoxdur. Bizim peşəkar ordumuz var. Kifayət qədər ehtiyat qüvvəmiz mövcuddur”, - deyə bildirib.


Ermənistanın “humanitar yardım” adı altında mülki təyyarələr vasitəsilə silah daşıdığını və bu silahlardan istifadə edərək mülki əhalini hədəf aldığını da qeyd edən Hikmət Hacıyev məsələnin beynəlxalq media tərəfindən ciddi şəkildə araşdırılmasının gərəkliliyini vurğulayıb.
Çıxışında Türkiyə ilə əməkdaşlıq məsələsinə toxunan Hikmət Hacıyev Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın olduğunu, ancaq bunun münaqişədə üçüncü ölkənin iştirakı kimi qiymətləndirilməməli olduğunu qeyd edib. Türkiyənin Azərbaycana dəstəyi beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə diplomatik və mənəvi xarakter daşıyır, deyə Hikmət Hacıyev əlavə edib.


Görüş zamanı H. Hacıyev münaqişə ətrafında son günlərdə baş tutacaq görüşlərə də münasibət bildirib. Xüsusilə ABŞ Xarici İşlər naziri Mayk Pompeonun hər iki ölkə xarici işlər naziri ilə ABŞ-da  da baş tutacaq danışıqlarından irəliləyiş gözləmədiyini qeyd edib.


Xatırladaq ki, PKK terrorçularının Qarabağda yerləşdirilməsi ilə bağlı faktlar hərbi əməliyyatlar başlamamışdan əvvəl də məlum idi. Belə ki, 2020-ci ilin məlumatlara görə, PKK-nın Suriya qolu YPG üzvü 250 silahlının Suriyanın Qamışlı bölgəsindən İranın İlan əyalətinə gəlib Urmiya şəhəri üzərindən Ermənistana keçib. Daha sonra Şimali İraqdakı PKK-nın Mahmur düşərgəsindən 25 terrorçu  İranın Kirmanşah əyalətinə keçib. Onlardan 17- si Urmiya üzərindən Ermənistana, 8 terrorçu  isə Tehrandan hava yolu ilə Yerevana keçib. Eyni zamanda terrorçuların 25 nəfərlik qruplar halında İraqın Süleymaniyyə və Diala bölgələrindən İranın Kirmanşah əyalətinə və oradan da Qarabağa keçdikləri məlumdur.


Hərbi əməliyyatlar başlayana qədər Qarabağda 400 nəfərlik PKK qruplaşmasının olduğu bir sıra xarici mənbələr tərəfindən təsdiqlənmişdir. 

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin