“Azərbaycan tərəfdən heç bir kompromis olmayacaq” – Tofiq Abbasov 

Hazırda oxunan: “Azərbaycan tərəfdən heç bir kompromis olmayacaq” – Tofiq Abbasov 

108369

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovla müzakirələri davam etdirmək üçün dünən Xocalıya gediblər. 

Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Yaranmış situatsiyanı Bizim.Media-ya şərh edən politoloq Tofiq Abbasov deyir ki, Xocalıdakı görüşdən həm ermənilər, həm də sülhməramlıların komandanı nəticə çıxarmalı, bu kimi məsələlərdə heç bir vəclə kompromisə getməyəcəyimizi bilməlidirlər: 

“Bu torpaqlar və oradakı nemətlərin hamısı Azərbaycanındır. Onlara cavabdehlik də bizim üzərimizdədir. Ermənilərin soyqırım törətmələri bütün dünyaya bəllidir.

Düzdür, dünya bilə-bilə bu məsələlərə adekvat reaksiya verməyə can çəkir. Ancaq bu o demək deyil ki, Azərbaycan bütün ümidlərini ancaq beynəlxalq təşkilatlara bağlayacaq. Azərbaycanın bu torpaqlarda istədiyi addımı atmağa, ermənilərin dağıdıcı hərəkətlərinin qarşısını almağa haqqı, ixtiyarı, ən əsası isə siyasi qətiyyəti var.

Sülhməramlıların komandanı son günlər bir qədər yumşaldığını nümayiş etdirir. Azərbaycanın ekoloji təsisatları, nazirlik nümayəndələri artıq prosesləri nəzarətə götürür.
Çünki prosesin bundan sonra da özbaşına buraxılması fonunda ekoloji dağıntılar geniş vüsət alacaq. Torpağın əsl sahibləri kimi işi artıq nəzarətə götürmüşük və lazımi tədbirləri görürük.

Prinsipial məsələlərdə geri çəkilməyəcəyik.

Bu günki görüşdən həm ermənilər, həm də sülhməramlıların komandanı nəticə çıxarmalıdır. Heç bir vəclə bu məsələlərdə kompromisə getməyəcəyik. Kompromis yalnız sülh məsələsində ola bilər. Amma ekoloji, ərazi bütövlüyü məsələlərində heç bir halda güzəştə getməyəcəyik.

Volkov ermənilərin bu sayaq azğınlığının qarşısını almasa, prosesə özümüz qatılmalı olacağıq. Azərbaycan qanunvericiliyinə zidd olan bütün proseslərin qarşısını alacağıq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin