"Bütün qanlı toqquşmaların, kütləvi cinayətlərin bünövrəsində dayanan, insan qətlinə çağıran, rasizm, ksenofobiya, diskriminasiyaya təhrik edən nifrət çağırışlarının Uca Yaradan qarşısında böyük günahlardandır".
Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının Ali Nümayəndəliyinin Dünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirdiyi "Beynəlxalq İnsan Qardaşlığı Günü: Gələcəyə Bir Yol" adlı xüsusi tədbirində iştirak edərkən bildirib.
QMİ sədri BMT-nin 4 fevral tarixinin Beynəlxalq İnsan Qardaşlığı Günü kimi qeyd olunması haqqında qərarını alqışlayıb.
Papa Fransisk ilə Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib həzrətlərinin Əbu-Dabidə 2019-cu ildə “Dünyada Sülh və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi”ni imzalamasını tarixi əhəmiyyətli hadisə kimi dəyərləndirən Şeyxülislam Allahşükür Paşazadə bu sənəddən irəli gələn məqamların həyata keçirilməsinə nümunə kimi 2019-cu il Dünya Dini Liderlərinin II Bakı Sammitinin Yekun Sənədinə bununla bağlı xüsusi bəndin daxil edilməsini qeyd edib.
QMİ sədri öz çıxışında bəşəriyyəti COVID-19 bəlası qədər təhdid edən digər problemlərdən birinin də nifrət çağırışları olduğuna diqqəti yönəldib.
BMT Sivilizasiyalar Alyansının bəşəri sülh və qarşılıqlı anlaşma istiqamətində səylərini önəmli sayan QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin bütün tədbir iştirakçılarına, xüsusilə, Alyansın yüksək nümayəndəsi Moratinosa salamlarını çatdırıb.
O, qeyd edib ki, Azərbaycan 44 gün davam edən Vətən müharibəsi müddətində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini işğaldan azad etdi.
Şeyxülislam Allahşükür Paşazadə ölkəmizin dinlərarası və sivilizasiyalararası dialoq prosesinin fəal təşəbbüskarı və iştirakçısı olduğunu, Azərbaycanda mövcud bütün dini konfessiyalar arasında nümunəvi qarşılıqlı etimad və ehtiram ənənəsinin bizə qlobal müstəvidə bu istiqamətdə fəaliyyətlərdə yaxından və səmərəli iştirak etmək imkanı verdiyini ifadə edib.
Bizim.Media