Ötən gün Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitə iclasında bildirib ki, Pensiya yaşının azaldılması böyük problemlər yarada bilər:
“Bizdə ömür uzunluğu dinamikası müsbətdir. Digər tərəfdən, pensiya fondunun maliyyə vəziyyəti yaxşıdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pensiya alsın”.
Məsələ ilə bağlı Millət vəkili Vüqar Bayramovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, pensiya yaşının dəyişdirilməsi son vaxtlar parlamentdə də ciddi müzakirə edilir:
MÖVZU İLƏ BAĞLI:
Pensiya yaşı ilə bağlı rəsmi AÇIQLAMA
“Bizim də pensiya yaşının azaldılması ilə bağlı təkliflərimiz var. Xüsusən də, qadınların pensiya yaşı ilə bağlı fikirlərimiz var. Təklifimizin biri ondan ibarətdir ki, qadınların yaşı 63-də saxlanılsın. Çünki, qadınlarla kişilərin pensiya yaşının fərqli olması daha məqsədə uyğundur. Son Komitə iclasında mən təklif etdim ki, DSMF qadınların pensiya yaşının 63 olması təqdirində maliyyə yükünü hesablasın. Ona görə ki, maliyyə yükünə uyğun olaraq pensiya yaşını dəyişdirmək olar. Təbii ki, hər şey maliyyə yükünün hesablanmasından sonra bəlli olacaq. Amma bütün hallarda qadınların daha tez pensiyaya çıxması məqsədə uyğundur”.
Millət vəkili onu da əlavə etdi ki, pensiyaların artırılmasına gəldikdə isə onu deyə bilərəm ki, 2023-cü ilin büdcəsində artımlar nəzərdə tutulub:
“Daha çox artım üçünsə biz imkanlarımızı bilməliyik, maliyyə yükünü öyrənməliyik. Yalnız bundan sonra hansısa qərar vermək olar”.
Surxay Atakişiyev, Bizim.Media