2020-ci ildə Vətən müharibəsindən sonra regionda yeni reallıqlar meydana gəlib. Qaçqın və məcburi köçkünlərin beynəlxalq hüquq normalarına uyğun olaraq, doğma yurdlarına qayıtmasına imkan yaranıb. Artıq Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin bir qrupu geri qayıdıb.
Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmuş Ağalı kəndinə 66 ailə, 326 nəfər köçürülüb. Hazırda işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir, lakin Ermənistanın 30 ilə yaxın işğal altında saxlanılan hərbi təyinatı olmayan torpaqları belə minalaması Böyük Qayıdış prosesini ləngidir.
Bizim.Media xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 22”də çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
Qarabağa Böyük Qayıdış layihəsi hökumətə təqdim edildi - RƏSMİ
Dövlət Komitəsinin sədr müavini sammit iştirakçılarına Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizdə yaranmış qaçqınlıq və məcburi köçkünlük problemi, onun tarixi kökləri və həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Qaçqınların və məcburi köçkünlərin hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi həssaslıqla yanaşdığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, ərazilərimizin işğal altında olduğu 30 ilə yaxın qeyri-müəyyənlik dövründə əhalinin həssas qrupuna daxil olan məcburi köçkünlərin sosial problemlərinin həlli üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilib.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 116 yaşayış kompleksi istifadəyə verilib, 320 mindən çox məcburi köçkün yeni mənzillə təmin olunub.
Bildirilib ki, Vətən müharibəsində Prezident İlham Əliyevin siyasi meydanda olduğu kimi, informasiya cəbhəsində də dünyanın aparıcı, beynəlxalq ictimai rəyə əsaslı təsir göstərən kütləvi informasiya vasitələrinə müsahibələri jurnalistlər üçün əsl master-klass idi. Eyni zamanda, dövlətimizin başçısı strateji kommunikasiya sahəsində də lider olduğunu bir daha sübut etdi.
Dövlət Komitəsinin sədr müavini Vətən müharibəsində dəstəyinə görə, qardaş Türkiyə Cümhuriyyətinə təşəkkür edib.
Azərbaycanın beynəlxalq təşkilatlar, eyni zamanda Türkiyənin dəstəyi ilə postmünaqişə dövründə bərpa, reinteqrasiya və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcəyinə və işğaldan azad olunmuş əraziləri cənnətə çevirəcəyinə əminlik ifadə olunub.
Bizim.Media