“Delimitasiyanın BMT nizamnaməsi və Alma-Ata bəyannaməsinə əsasən həyata keçirilməsi nəzərdə tutulub” - XİN

Hazırda oxunan: “Delimitasiyanın BMT nizamnaməsi və Alma-Ata bəyannaməsinə əsasən həyata keçirilməsi nəzərdə tutulub” - XİN

106975

“Ermənistan xarici işlər nazirinin iddiasının əksinə, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlarda delimitasiyanın BMT nizamnaməsində və Alma-Ata bəyannaməsində qeyd edildiyi kimi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub”. 

Bizim.Media xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“İrəvan Azərbaycan-Ermənistan rəhbərlərinin görüşünü təşkil etməyə hazırdır” - Mirzoyan


Nazirlik nümayəndəsi qeyd edib ki, cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə Ermənistan tərəfinin mina basdırması və hərbi mövqelərimizə qarşı təxribat törətməsi nəticəsində baş vermiş toqquşma nəticəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi iddiasının heç bir əsası yoxdur: 

"30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, hərbi təxribatlarını və mina təhdidlərini davam etdirən Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin məhz Ermənistan olduğu da unudulmamalıdır". 

A.Hacızadə vurğulayıb ki, Ermənistan xarici işlər naziri müsahibədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə suala müsbət cavab verməkdən belə çəkinib: 

"Azərbaycan tərəfinin müharibədən sonra Ermənistana təklif etdiyi və uzun müddət Ermənistanın cavabsız qoyduğu dövlətlərarası münasibətlərin bərqərar olması və sülh müqaviləsi imzalanması üçün beş baza prinsiplərin əsasında qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünün təsdiq olunduğu Ermənistan tərəfinə məlumdur. Azərbaycan ərazilərinin 30 il ərzində işğal olunmasına və hərbi əməliyyatlar zamanı bütün imkanlara baxmayaraq, Azərbaycanın Ermənistan ərazisinə hücum etmədiyi də sirr deyil. Bütün bunların müqabilində, baş verən təxribatlarda Azərbaycanın təqsirləndirilməsi tamamilə əsassızdır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin