Türkiyə-Azərbaycan müttəfiqliyinin regionumuzda dəyişdirdiyi GÜCLƏR BALANSI – TƏHLİL  

Hazırda oxunan: Türkiyə-Azərbaycan müttəfiqliyinin regionumuzda dəyişdirdiyi GÜCLƏR BALANSI – TƏHLİL  

106412

Dünya dəyişir və dəyişən dünyada siyasət də transformasiyaya uğrayır. Əvvəllər yaxın müttəfiq olan ölkələr bu gün bir-birilərini məhv etmək üçün zaman gözləyir, bəzi keçmiş düşmənlər isə 40 ilin dostu kimi davranırlar. 

Beynəlxalq münasibətlərin bugünkü xaos vəziyyətində dəyişməyən, öz inkişaf xəttini qoruyan proseslərə nadir hallarda təsadüf olunur. Heç şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətləri də bu qəbildəndir. 

Prezident İlham Əliyev dünən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bu mövzuda maraqlı fikirlər səsləndirdi.

Dövlət başçısı qeyd etdi ki, “mən Azərbaycan-Türkiyə münasibətləri haqqında danışmağa başlasam, biz onda gərək bir neçə gün burada olaq” . 

Bəli, bu mövzuda günlərlə danışmaq, kitablar yazmaq mümkündür. Yəni, münasibətlərimizin tarixi kökləri, bu günü, inkişaf perspektivləri bir məqaləyə sığacaq mövzu deyil. Lakin hal-hazırda bu suala cavab tapmağımız olduqca önəmlidir: 

Azərbaycan-Türkiyə qardaşlığı regionumuzda nələri dəyişdi? 

1. 44 günlük müharibədə qardaş Türkiyənin rolu heç şübhəsiz danılmazdır. Türkiyə rəsmiləri 44 gün ərzində haqq savaşımızda yanımızda olduqlarını hər fürsətdə, ən yüksək beynəlxlaq tribunalardan bəyan etdilər. Həmin dönəmdə Türkiyə Azərbaycan-Ermənistan savaşına üçüncü tərəfin müdaxiləsinin qarşısında sipər kimi dayandı. Gəncədəki türk “F16”larının mənəvi dəstəyi ən azı “Bayraktar”ların Qarabağ səmalarındakı praktiki dəstəyi qədər böyük oldu. 

2. Vətən müharibəsi başa çatdıqdan sonra dövlətimizin qarşısında daha bir çətin vəzifə dayanırdı: 30 il boyunca daşın-daş üstə qalmadığı Livan qədər böyük bir ərazini bərpa etmək.

Bu çətin vəzifənin öhdəsindən gəlməkdə də hər kəsdən öncə yardımımıza gələn, köməyini əsirgəməyən Türkiyə oldu. Bu gün türk şirkətləri Qarabağa həyatın qayıtması üçün bizlərlə çiyin-çiyinə, gecə-gündüz mübarizə aparırlar. 

3. Ötən il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyi təsdiqləndi. Bununla da Azərbaycan və Türkiyənin regional siyasətdə mövqeləri də bir-birinə tamamilə inteqrasiya olundu. Və bəllidir ki, hər iki ölkə bölgədə sülhün təmin olunmasını istəyir və bu yöndə səylərini davam etdirir. Bu da Ermənistan və havadarlarının manevr imkanlarını ciddi şəkildə məhdudlaşdıraraq, sülhə gedən yolu maneələrdən təmizləməyə şərait yaradır. 

Sülh istəyirsənsə, müharibəyə hazır ol! 

Milli təhlükəsizlikdə danışırıqsa, təbii ki, bu kəlam hər zaman göz önündə olmalıdır. Çünki hərbi gücü zəif olan dövlət başqalarının mərhəmətinə ümid etməyə məhkumdur. Türkiyə NATO-nun ikinci, regionda birinci ən böyük gücüdür. Azərbaycan isə hərbi gücünə görə Cənubi Qafqazın lideridir.  

Bu gün Türkiyə silah sənayesi dünyada sayılıb-seçilən mövqeyə sahibdir. Azərbaycansa NATO standartların uyğun ordu quruculuğu yönündə fəaliyyətini sürətlə davam etdirir. Bu istiqamətdə də Türkiyənin rolu, yardımı danılmazdır.  Ordumuzun güclənməsi isə region və kənar güclərin sülhü təhdid edəcək addımlarını minimuma endirir.  
Göründüyü kimi, Azərbaycan-Türkiyə müttəfiqliyi regional siyasi konfiqurasiyanı kökündən dəyişib. Artıq Azərbaycan öz milli maraqlarına uyğun siyasi addımlarını rahatlıqla atmağı bacarır. Türkiyə isə Cənubi Qafqazda əsas söz sahiblərindən birinə çevrilir. 

Qardaş ölkələrin müttəfiqliyini İlham Əliyevin bu fikirləri ilə ifadə etmək yerinə düşər: 

“Hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin