“Niderlandı birtərəfli mövqeyindən əl çəkməyə çağırırıq” - XİN

Hazırda oxunan: “Niderlandı birtərəfli mövqeyindən əl çəkməyə çağırırıq” - XİN

106337

“Əvvəlki illərdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən tam qərəzli qətnamələrin qəbul edildiyi məlumdur”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib.

XİN-in sözçüsü bildirib ki, 30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, mülki əhaliyə qarşı qəddarcasına törədilmiş qırğınlara, talan və vandallıqlara göz yuman Niderlandın qanunvericilik orqanında belə bir təklifin irəli sürülməsi ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının bir nümunəsidir:
 

MÖVZU İLƏ BAĞLI:

Niderland səfiri Azərbaycan XİN-ə ÇAĞIRILDI 


“Bununla yanaşı, 2020-ci il müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmadığını, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirdiyini, sərhədboyu bölgələrdə hərbiləşməni artırdığını, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətdiyini və sülh prosesinə qarşı destruktiv addımlar atdığını Niderland tərəfinə xatırlatmaq istərdik.

Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə baş vermiş toqquşmalar barədə qətnamədəki iddialara gəldikdə qeyd edək ki, sentyabr ayında döyüşlər məhz Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanması və hərbi obyektlərimizə hücum nəticəsində meydana gəlmişdir.

Sentyabr ayında Azərbaycan yalnız Ermənistan tərəfinin hücumlarına qarşılıq vermiş və hərbi mövqeləri hədəf almışdır.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı hər kəsə məlumdur”.

Azərbaycanın guya Ermənistanın cənubunu işğal etməsi niyyəti barədə qətnamədə qeyd edilən cəfəng fikirlərə gəldikdə Ayxan Hacızadə qeyd edib ki, Niderland parlamentarilərinin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan tərəfi qarşılılıq prinsipinə əsaslanmaqla, Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik və ərazi bütövlüyü çərçivəsində normallaşması təşəbbüsünü irəlilətməkdədir:

“Niderland tərəfinin sülh prosesinə mane olmaqla Ermənistanda revanşist qüvvələri dəstəkləmək əvəzinə, bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verməsi faydalı olardı.
Qeyd edilən qətnamə layihəsini qətiyyətlə rədd edir, Niderland tərəfini birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin