VİP mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumatda deyilir:
"Noyabrın 14-də Mərkəzi Seçki Komissiyasında (MSK) 15 saylı Yasamal Birinci seçki Dairəsi üzrə deputatlığa namizdlər Əli Əliyev, Nişat Mehdiyev, Vəfa Rüstəm, Ramil Rüstəmov və Garay Əsədovun qeyd olunan dairədə bu il noyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinin ləğvini ehtiva edən birgə şikayətlərinə baxılıb.
Adları qeyd olunan deputatlığa namizədlərin səsvermə günü 15 saylı Yasamal Birinci seçki Dairəsini əhatə edən seçki məntəqələrində qeydə aldıqları kütləvi qanun pozuntularının əks olunduğu foto və videomaterialları, o cümlədən çox sayda aktları MSK-ya təqdim etmələrinə, iclasda öz iddialarını tam əsaslandırmalarına baxmayaraq, ölkənin ali seçki qurumu onların şikayətini təmin etməyib.
İclasdan sonra yenidən bir araya gələn deputatlığa namizədlər hüquq müstəvisində mübarizəni davam etdirməyi məqsədəuyğun sayaraq, MSK-nın bu qərarından Apellyasiya Məhkəməsinə müraciət olunması barədə razılığıa gəliblər.
Qeyd edək ki, 15 saylı Yasamal Birinci seçki Dairəsi üzrə deputatlığa namizədlər Ə.Əliyev, N.Mehdiyev, V.Rüstəm, R.Rüstəmov və G.Əsədov Milli Məclisə seçkilərin səsvermə gününə qədər və səsvermə günü, eyni zamanda, ondan sonra qeydə aldıqları ciddi qanun pozuntaları ilə bağlı ölkənin seçki və məhkəmə instansiyalarının qeyri-obyektiv qərarları səbəbindən Avropa İnsan Haqları Məhkəməsinə birgə müraciət edilməsi barədə vahid mövqe müəyyənləşdiriblər".





























































































