Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü olub.
Bizim.Media xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidentini salamlayaraq səfərə görə təşəkkür edib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurası yaradılır - VİDEO
“Serbiyaya gəldiyinizə görə təşəkkür edirik. Bu gün Sizi Belqradda görməkdən çox məmnunuq. Sizi yenidən öz ölkəmizdə görürük və ümid edirik ki, biz də Sizin ölkəyə səfər edəcəyik. Səfər etdiyinizə görə minnətdarıq və bilirik ki, Siz bu günlərdə çox məşğulsunuz. Amma öz tərəfimdən deyə bilərəm ki, Sizin fəaliyyətiniz daha məhsuldardır. Biz ən yaxşı dostlarıq. Bilirəm ki, ölkəmizə səfərinizi öz gündəliyinizə salmaq nə dərəcədə çətin idi”.
Daha sonra Serbiya rəhbəri təkbətək görüş zamanı ölkələr arasında real dostluğun bir daha təsdiqlənməsini xüsusi vurğulayıb.
“Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək vermişik. Siz də həmişə heç də asan olmayan şəraitdə Serbiyanın ərazi bütövlüyünü və suverenliyini hər zaman çox dəstəkləmisiniz. Biz eyni addımları davam etdirəcəyik. Bilirəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan hər zaman eyni mövqedən çıxış edəcək.
Son dövrdə əldə etdiyiniz bir çox uğurlar münasibətilə Sizi təbrik edirik. İqtisadi uğurlarınız hər kəsin marağına səbəb olur. Biz Sizin timsalınızda real, çiçəklənən ölkəni, Serbiyanın daha böyük dostunu və müttəfiqini görürük. Gəldiyinizə görə bir daha təşəkkür edirik. Ümidvaram ki, mənim Bakıya səfərim və Sizin yenidən Belqrada gələcəyiniz zaman məsələləri müzakirə etmək üçün daha çox vaxtımız olacaq”,-deyə Serbiya rəhbəri bildirib.
Bizim.Media