“Bir ildən çoxdur ki, dünya qlobal təhlükə sayılan pandemiyanın ağuşundadır. Bəzi ölkələrdə koronavirusla bağlı qorxulu və acı nəticələr qeyd olunur. Dünya Səhiyyə Təşkilatının (ÜST) saytında da bununla bağlı məlumatlar var.
Xüsusi vurğulayaq ki, koronavirus pandemiyasına qarşı yüksək səviyyədə mübarizə aparan, bu qlobal təhlükədən əhalisini qorumaq üçün ən uğurlu tədbirləri həyata keçirən ölkələrdən biri də Azərbaycandır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı səsləndirdi.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusun əsas sirri nədir? - İsveçrənin “Le Temps” qəzeti AÇIQLADI
Parlamentin Səhiyyə Komitəsinin üzvü onu da dedi ki, virusa qarşı yaxşı mübarizə metodlarının seçilməsində Azərbaycanın pandemiyaya qarşı reallaşdırdığı qabaqlayıcı tədbirlərin də təsiri var.
Qısa müddət ərzində ölkəmizdə 10-dan çox modul tipli xəstəxana tikilib. Hətta klinikalarda istifadə olunacaq avadanlıqlardan tutmuş çalışacaq tibb işçilərinə qədər hər bir detal yüksək səviyyədə təşkil olunub.
“Qeyd etmək istərdim ki, Azərbaycan həkimləri ilə birlikdə Türkiyə, Kuba, Rusiya, İtaliya, Çin və bir sıra ölkələrdən tibb işçilərindən ibarət böyük heyətlər də gəlib. Onların bir qrupu hazırda Azərbaycanda bu xəstəliklə mübarizə aparır.
Baxmayaraq ki, Avropanın ən inkişaf etmiş ölkələri, eləcə də ABŞ pandemiya başlayanda “başını itirdi”.
Həmin ölkələrin ictimaiyyətində qorxu və həyəcan var idi. Azərbaycanda isə hökumətin reallaşdırdığı tədbirlər planı nəticəsində insanlar arasında təşviş elə də hiss olunmurdu”.
Deputat bildirdi ki, koronavirus Azərbaycan üçün də ağır yük idi, ancaq buna rəğmən Bakı başqa paytaxtlara da öz xeyirxah əlini uzatdı.
Yəni Azərbaycan beynəlxalq aləmdə ən etibarlı tərəfdaşdır. Möhtərəm Prezidentimiz hər zaman iqtisadi imkanları zəif olan ölkələrə çoxtərəfli və ikitərəfli formatda dəstək göstərib.
Bunun məntiqi davamı kimi Azərbaycan pandemiya ilə bağlı 30-dan çox ölkəyə maliyyə və humanitar yardım edib. Eyni zamanda pandemiyanın ilk aylarında Ümumdünya Səhiyyə Təşkilatına da pul vəsaiti (10 milyon ABŞ dolları könüllü ianə) köçürülüb”.
Xatırladaq ki, ötən ilin may ayında Azərbaycan ÜST-ə daha 5 milyon ABŞ dolları ayırıb.
Millət vəkili Məlahət İbrahimqızı qeyd etdi ki, “pandemiya ilə əlaqədar ölkə başçısının təşəbbüsü ilə həm Türk Şurası, həm də Qoşulmama Hərəkatının videokonfransları keçirilib.
Bununla yanaşı Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının növbədənkənar Zirvə Sammiti də baş tutub.
BMT yarandığı vaxtdan bu günə qədər ilk belə bir növbədənkənar sessiya keçirilirdi.
Bu da beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi”, - deyə deputat fikrini yekunlaşdırdı.
Anar Rəhimov, Bizim.Media