Sabah İrəvanda KTMT-yə üzv dövlətlərin liderlərinin görüşü keçiriləcək. Ermənistan tərəfi çox çalışır ki, Ermənistan-Azərbaycan sərhədlərinə bu qurumun sülhməramlı kontingentini gətirsin. Eləcə də, bu təşkilatın dəstəyi ilə rəsmi Bakıya müəyyən təzyiqlər etsin. Ona görə də Paşinyan bu görüşdən maksimum dərəcədə faydalanmağa çalışacaq.
Bəs, rəsmi İrəvanın bu və ya digər istəklərinə çatmaq imkanları nə qədər realdır?
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Bizim.Media-ya üçün bu suala aydınlıq gətirib. O, bildirib ki, bu təşkilat dərin böhran yaşayır:
MÖVZU İLƏ BAĞLI:
Tofiq Zülfüqarov Fransanın sirlərini açdı: “Paris belə cavab verəcək”
“Qurumun faktiki effektivliyi yoxdur. İndiki mərhələdə İrəvan görüşü daha çox təbliğat xarakteri daşıyır. Və əsas məqsəd Rusiyanın Qərbə mesaj göndərmək istəyidir. Demək ki, “mənim də təşkilatım var, biz də iş başındayıq”, filan... Bir sözlə bu görüş sadəcə siyasi imic üçündür”.
Tofiq Zülfüqarov onu da əlavə edib ki, cənab Prezident İlham Əliyev dünən açıq şəkildə bəyan etdi ki, KTMT-nin bir çox üzvləri ilə olan münasibətlərimiz, təşkilat üzvlərinin Ermənistanla olan münasibətlərindən qat-qat yaxşıdır:
“Bununla da mesaj verib ki, bu təşkilatın əksər üzvləri Azərbaycana qarşı heç bir əks-fəaliyyət göstərmək fikrində deyil. Təbii ki, Paşinyan çalışacaq ki, nəsə eləsin. Lakin, KTMT-nin formatı elədir ki, ikinci tərəfin iştirakı olmadan hansısa məsələ müzakirəyə çıxarıla bilməz. Ona görə də KTMT-nin İrəvan toplantısından hansısa sürpriz gözləmək sadəcə ağılsızlıqdır”.
Surxay Atakişiyev, Bizim.Media