"Azərbaycanda qeydiyyatdan keçmiş 500-dən çox QHT, gənclər təşkilatı var. Çox təəssüf ki, onların çoxu aktiv deyil".
Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov səsləndirdi. O, əlavə etdi ki, passiv olan təşkilatların adları var, amma ətraflarında gənclər ya azdır, ya da yoxdur:
"Həmçinin də fəaliyyətləri belədir, yəni ya azdır, ya da yoxdur. Amma yetərincə də təşkilatlarımız var ki, nümunəvi halda, hətta Avropada gənclər təşkilatları ilə aktiv fəaliyyətdədirlər. Böyük beynəlxalq təşkilatların üzvləridir. Həqiqətən də, çox yaxşı fəaliyyət göstərirlər".
Millət vəkili əlavə etdi ki, gənclik insan həyatının ən aktiv dövrüdür və təbii ki, gənclər daha fəal olmalıdır.
"Bu mənada arzulayardıq ki, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş kifayət qədər gənclər təşkilatının hamısı aktiv fəaliyyət göstərsin. Təəssüf ki, hamısı haqqında bu sözləri deyə bilmərik. Bir çoxunda durğunluq, fəaliyyətsizlik var".
MÖVZU İLƏ BAĞLI:
Prezidentin arxalandığı insanlar, onların sayı nə qədərdir?
"Tədbirlərdə, müəyyən görüşlərdə onlara söyləyirik ki, fəal olsunlar. Mən hətta bir neçə yerdə demişəm ki, fəaliyyətsiz olan təşkilatlara müraciət etmək, onların qeydiyyatını ləğv eləmək lazımdır”.
Vüqar İskəndərov əlavə etdi ki, son illər dövlət səviyyəsində gənclərə böyük diqqət və qayğı var.
"Bütün ali vəzifələrdə, parlamentin özündə də nə qədər gənc toplaşıb. Son illər gənclərə daha çox etimad göstərilir. Xaricdə çox yaxşı təhsil alan gənclərimiz var və onlar ölkəyə qayıdıb. Biz də bu məsələnin davamlı olmasını arzulayırıq"
Millət vəkili sonda "Gənclər günü" münasibətilə həm Bizim.Media kollektivinin cavan əməkdaşlarını, həm də digər bütün gəncləri təbrik edərək dedi ki, "bizim kimi dostlar sizin kimi gənclərin yanınızda, ətrafınızdayıq.
"Hər məsələdə sizə diqqət yetirmək borcumuzdur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında sizin kimi gənclər 30 ilə yaxın vətən həsrətimizə son qoydu. Azərbaycan gənci ən dözümlü əsgər, zabit, Azərbaycanın vətənpərvər, qəhrəman oğlu kimi göstərdilər ki, yurda necə bağlıdırlar və torpaqlarımızı düşməndən aldılar".
"Bu, bizim hər birimizin qələbəsidir", - deyə millət vəkili fikrini tamamladı.
Anar Rəhimov, Bizim.Media