Türkiyəyə hücum ASALA-nın planıdır, yoxsa İranın? - İstanbul terrorunun PƏRDƏARXASI

Hazırda oxunan: Türkiyəyə hücum ASALA-nın planıdır, yoxsa İranın? - İstanbul terrorunun PƏRDƏARXASI

104214

Xəbər verdiyimiz kimi, dünən İstanbulun mərkəzində terror aktı törədilib. Son məlumatlara əsasən, partlayış nəticəsində 6 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb.

Hadisənin isə kim tərəfdən törədildiyi barədə hələlik dəqiq məlumat yoxdur. Şübhəlilərin sayı isə kifayət qədərdir.

Belə ki, erməni terror təşkilatı ASALA ilk şübhəli kimi ortaya atılıb. Xüsusilə də, erməni teleqram kanallarında teraktın məsuliyyətini ASALA-nın öz üzərinə götürdüyü ilə bağlı xəbərlər yayılıb. Lakin müxtəlif mənbələrdə hadisənin arxasında Hizbullahın, eləcə də Suriyada fəaliyyət göstərən kürd mənşəli terror qruplaşmalarının olduğu da iddia olunur. 

Təbii ki, hər bir ehtimalın irəli sürülməsinin özünəməxsus obyektiv səbəbləri var.

ASALA

ASALA məsuliyyəti öz üzərinə götürən yeganə şübhəlidir. Lakin dəqiq şəkildə erməni terror təşkilatınının hadisəni törətdiyini indidən elan etmək o qədər də doğru olmazdı. Bəli, ASALA əvvəllər də dəfələrlə türklərə qarşı teraktlar törədib. İndi də bu addımı atması üçün əsaslı səbəblər var. Ələlxsus da, Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşmasının erməni diasporunu narahat etdiyi bəllidir. Bu səbəbdən də, türk-erməni normallaşmasının qarşısını almaq üçün ASALA İstanbulda partlayış törətmiş ola bilər.
 

MÖVZU İLƏ BAĞLI:

İstanbuldakı terroru ASALA üzərinə götürdü - FOTO


Amma ASALA-nın təcrübəsinə nəzər salsaq, görərik ki, qruplaşma, əsasən, Avropa və ABŞ-da türklərə qarşı təxribatlar törədib. Türkiyənin özündə isə ASALA, bu qədər böyük miqyaslı terror təxribatına imza atmayıb. Həm də ASALA 80-90-cı illərdəki gücündən xeyli uzaqdır. 

Kürd mənşəli terror təşkilatları

Şübhəli kimi Suriyada fəaliyyət göstərən PYD/YPG kimi qruplaşmalarının adı çəkilir. Təbii ki, son həftələrdə Türkiyənin İraq və Suriyada terrorçulara qarşı keçirdiyi aktiv əməliyyatlara cavab olaraq, kürd qruplaşmaları bu addımı ata bilər. Lakin bu ehtimalın da doğruluğuna müəyyən şübhələr var.

Çünki sonuncu dəfə kürd mənşəli qruplaşmalar Türkiyədə bu miqyasda terakta 2016-cı ildə imza atıb. Sonrakı dövrdə Türkiyə Suriya və İraqda anti-terror əməliyyatları keçirdiyi vaxtlarda belə, adıçəkilən qruplaşmalar qardaş ölkənin böyük şəhərlərini hədəf almayıb. Digər tərəfdən, Türkiyədə növbədənkənar prezident seçkiləri gözlənilir. Belə bir vaxtda kürdlərin terror törədməsinin onlara hansısa fayda gətirəcəyi də real görünmür.

İrana bağlı qruplaşmalar

İran dəstəkli qruplaşmalar, xüsusən də Hizbullahın İstanbulu qana boyaması üçün də əsaslı səbəblər var. Məlum olduğu kimi, Türkiyə-İsrail münasibətləri son on ildəki böhran vəziyyətindən çıxaraq, normallaşmaya doğru gedir. Artıq ölkələr qarşılıqlı səfirlər təyin edərək, diplomatik əlaqələrini əvvəlki axarına qaytarmağa çalışırlar. Bundan ən çox narahat olan isə, heç şübhəsiz İrandır. Ona görə də, “İslam Respublikası” öz “maşa”larını oyuna daxil edərək, Türkiyə-İsrail yaxınlaşmasına bu yolla cavab vermiş ola bilər.  

Qərb dairələri

Nəzərə alaq ki, Türkiyədə gözlənilən seçkilər öncəsi terakt törədilib. Günahkarın kim olmasından asılı olmayaraq, müxalifətin Ərdoğan hakimiyyətini təhlükəsizlikdəki boşluqlar səbəbindən ittiham edəcəyi və seçki kampaniyasında bunu “kozır”a çevirəcəyi gözlənilir.

Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-da demokrat dairələr, eyni zamanda Fransa rəsmi Ankaranın tutduğu mövqeni qəbul etmir. Həmçinin Ərdoğan Türkiyəsinin yeritdiyi müstəqil siyasət də, Qərb tərəfindən o qədər də xoş qarşılanmır.

Ona görə də, onların Türkiyədə iqtidar dəyişikliyinə töhfə vermək üçün kimlərinsə əli ilə terror törətmələri mümkündür.
 

Göründüyü kimi, şübhəlilərin bu qədər olması Türkiyə düşmələrinin say çoxluğu ilə əlaqədardır. Və bu düşmənlərin hər biri məqsədinə nail olmaq üçün gözünü belə qırpmadan terror törədə biləcək xislətdədir.  


Müqəssirin kim olduğu naməlumdur. Gec-tez həqiqət üzə çıxacaq. Qisas isə qiyamətə qalmaz...

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin