Düz iki il əvvəl noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atıb.
44 günlük Vətən müharibəsinə son qoyan, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatın qəbul olunmasından artıq 2 il ötür. Həmin üçtərəfli bəyanat ilk növbədə Azərbaycanın müharibədə qələbəsinin təsdiqidir. İmzalanan sənəd 9 bənddən ibarət olub.
Sənəddən irəli gələn müddəalara uyğun olaraq Ermənsitan Ağdam, Kəlbəcər və Laçından çıxdı. Atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Monitorinq Mərkəzi də yaradılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan arasında hansı görüşlər gözlənilir? – Noyabr TEZİSLƏRİ
Lakin sənədin bir sıra vacib müddəaları iki il vaxt keçməsinə baxmayaraq Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməkdə davam etməsi səbəbindən bu günə qədər icra olunmur.
Belə ki, 10 noyabr razılaşmasının 4-cü bəndinə görə, erməni silahlı tör-töküntüləri Rusiya sülhməramlılarının gəlişilə paralal olaraq ərazidən çıxarılmalı idi.
Lakin Rusiya sülhməramlıları ərazidə artıq iki ildir yerləşsə də, qanunsuz erməni silahlıları hələ də ərazidə qalmaqda davam edir. Azərbaycan həmin müddəanın yerinə yetirilməsi üçün dəfələrlə Rusiyaya müraciət etsə də, hələlik məsələ ölü nöqtədən tərpənməyib.
Bəyanamənin 9-cu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi nəzərdə tutulur.
Zəngəzur dəhlizinin açılması da bu bəndə aiddir. Bu bənddə ikinci cümlə Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təşkilindən və Ermənistanın hər iki istiqamətdə maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanətindən bəhs edir.
Azərbaycan Laçın koridoru vasitəsilə ermənilərə keçid yolu verib. Amma razılaşmadan iki il ötsə də, İrəvan nəqliyyat dəhlizlərinin açılmasını bu günə qədər ləngitməkdə davam edir.
Ermənistanın bu sayaq hərəkətləri onun sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığını deməyə əsas verir.
Rüfət Sultan, Bizim.Media