Sülhəddin Əkbər: “Rusiya tam olmasa da, qismən istədiyinə nail olub...”x9d
Oktyabrın 28-də Bakıda MDB dövlətləri təhlükəsizlik orqanları və xüsusi xidmətləri rəhbərləri Şurasının 39-cu toplantısı keçirilib. Azərbaycanı müşavirədə milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov təmsil edib.
Toplantıda MDB ölkələri, o cümlədən Azərbaycan üçün əhəmiyyət daşıyan və sual doğuran bəzi fikirlər səsləndirilib. Əsas müzakirə mövzularından biri hazırda dünyanın əsas başağrısına çevrilən İŞİD-lə bağlı olub. Xüsusilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikovun fikirləri daha çox diqqət cəlb edib. O bildirib ki, hazırda terror strukturlarının tərkibində dünyanın 100-dən çox ölkəsinin vətəndaşı döyüşür və belə muzdluların payı 40% təşkil edir.
FTX rəhbəri onu da qeyd edib ki, “Ərəb baharı”x9d çərçivəsində dünyada və regionda bəzi ölkələrin İŞİD terror təşkilatına verdiyi dəstək nəticəsində bu terror təşkilatının gücü artıb və bu yolla həmin ölkələr öz siyasi niyyətlərinin həyata keçirilmək istiqamətində fəaliyyətlərini gücləndirib. Bortnikov İŞİD-ə qarşı birgə mübarizədən də danışıb.
Toplantıdan sonra Novo-Oqarevoda MDB xüsusi xidmətlərinin rəhbərlərini Rusiya prezidenti Vladimir Putin qəbul edib. Onun görüş zamanı səsləndirdiyi “dünyada heç bir dövlət təkbaşına terrorizmə qarşı səmərəli mübarizə apara bilməz”x9d kimi fikirləri İŞİD-ə qarşı birgə mübarizənin anonslarından biri kimi qəbul olunur. “Sizin xidmətlərinizin səmərəli işi olmadan dövlətlərimiz inkişaf edə bilməz”x9d, - deyə Rusiya prezidenti bildirib. O, birliyin təhlükəsizlik orqanları rəhbərlərinin görüşünü və onların işinin əlaqələndirilməsini həddindən artıq mühüm adlandırıb, habelə bu əlaqələndirmənin səmərəliliyini artırmaq zərurətini qeyd edib.
Putinin bu fikirləri yarım ay öncə MDB ölkələrinin sammitində səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Onun belə çağırışlarla qonşuluğundakı ölkələri də Suriya konfliktinə qoşmaq məqsədini sezməmək mümkün deyil. Xüsusilə Putinin bu istəyi BMT-nin son assambleyasında ABŞ prezidenti Barak Obama ilə aralarında yaşananlardan sonra daha aydın görünür.
Rusiyanın apardığı siyasətin coğrafi arealına daxil olan ölkələrdən biri Azərbaycandır. Şimal qonşumuz daim ölkəmizi özünə müttəfiq görür, dostluq əlaqələrini saxlamağa çalışır. Bu da gələcəkdə hansısa bir planda Azərbaycanın da iştirakının olması məqsədini daşıyır.
Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər hesab edir ki, məsələnin obyektiv və subyektiv səbəbləri var: “İŞİD doğrudan da dünyanın ən təhlükəli terror təşkilatlarından biridir. Özü də ən qəddarı hesab olunur. İŞİD sıralarında doğrudan da MDB-yə daxil olan ölkələrin vətəndaşları var. Azərbaycan da bura daxildir. Bu da həmin ölkələrə ciddi təhlükədir. Onlar dəfələrlə Rusiya, Azərbaycan və digər ölkələri təhdid ediblər. Bütün dünyada terrorizmlə mübarizə beynəlxalq xarakter daşıyır. Çünki terrorizmin sərhədləri yoxdur. Rusiya Suriyada ABŞ koalisiyasına qarşı alternativ yaratmaq və sıralarını genişləndirmək niyyətindədir. Bu koalisiyaya Rusiya və İrandan başqa qoşulan yoxdur. Eyni zamanda Rusiya MDB ərazisində təsirini artırmaq istəyir. Hazırda ABŞ və Rusiya təkcə Suriya məsələsində yox, digər məsələlərdə də rəqabət aparırlar. Əfqanıstanda terror təşkilatları Türkmənistan, Özbəkistan, Tacikistan sərhədlərində mövqe qazanmaq uğrunda vuruşurlar. Orada əsasən ABŞ bu terror təşkilatlarına qarşı vuruşur. Bu, Rusiyanı ciddi narahat edir. ABŞ-ın Mərkəzi Asiya ölkələri arasında nüfuzu artır. Çünki bu ölkələr terrorizmə qarşı mübarizə kimi ABŞ-a yaxınlaşa bilərlər. Eyni amilləri Qafqaza da aid etmək olar”x9d.
S.Əkbər “dünyada heç bir dövlət təkbaşına terrorizmə qarşı səmərəli mübarizə apara bilməz”x9d fikirlərində yer alan nüanslara da toxundu: “Dünyanın ən güclü ölkələri belə terrorizmdən sığortalanmayıb. Azərbaycanda xüsusi xidmət orqanları deyəndə ki, bizə təhlükə yoxdur, MTN nəzarət edir, sonunda hər şeyi gördük. MTN-in necə nəzarət etdiyi son günlərdə ortaya çıxdı. Putinin bu sözləri obyektivdir. Yaranmış vəziyyətdən Rusiya istifadə edərək, MDB ölkələri daxilində öz təsirini artırmaq, güclü dövlətləri bu regiona buraxmamaq siyasəti aparır”x9d.
Sabiq MTN-çi Rusiya dövlət başçısının Mərkəzi Asiyada sərhədləri möhkəmləndirmək barədəki çağırışına da toxundu: “Dünyada terrora qarşı mübarizə strategiyasının müxtəlif tərəfləri var. Birinci, önləyici strategiyaya üstünlük vermək. Yəni təhdidi önləmək, real təhlükəyə çevrilməsinə imkan verməmək. İkincisi, mümkün qədər terrorizmlə mübarizəni öz sərhədlərindən uzaqlarda aparmaq istəyirlər. Bu cəhətdən Rusiya çalışır ki, MDB ölkələrini qorusun. Eyni zamanda Rusiya məqsədlərini həyata keçirməyə, imperiyanın keçmiş sərhədlərinə nəzarəti ələ almağa çalışır. Bunun üçün Azərbaycana da təzyiqlər edir. O cümlədən Azərbaycanın İranla sərhədlərini nəzarətə götürmək istəyir. Ermənistanın İran və Türkiyə ilə olan sərhədlərini də qoruyur. MTN-də baş verən proseslər MDB sammitində qəbul edilən qərarları arxa plana keçirdi. Sammitdə Rusiya istəyinə tam çatmasa da, Azərbaycan sərhədlərinin birgə qorunması barədə razılığı əldə edə bilməsə də, ona nail oldu ki, böhran hallarında xüsusi qruplar yaradılır, bu qruplar birlikdə sərhədlərə nəzarət edəcəklər. Sərhədlərin birgə qorunması və möhkəmləndirilməsi üçün iki mühüm qərar qəbul edilib. Rusiya tam olmasa da, qismən istədiyinə nail olub”x9d./musavat.com/
































































































