Yaxın Şərqdəki bütün münaqişələrə müdaxilə etməyi sanki özünə mənəvi borc bilən İranın xisləti hamımıza bəllidir. Amma Yəməndən tutmuş, Suriyaya qədər terrora verdiyi dəstəklə tanınan İrana, görünür, bu qədər qan-qada yetərli deyil.
Ona görə də, Tehran qonşu ölkələrdə də yeni münaqişələr yaratmağı növbəti hədəf seçib. Bu da əslində başadüşüləndir. Çünki tarix boyu daxili problemlərdən diqqəti yayındırmağa çalışan despotlar “xarici düşmən” taktikasına əl atmaqla vəziyyətdən sıyrılmağa çalışıblar. Hal-hazırda İranın daxilindəki durumun acınacaqlılığı isə göz önündədir. Artıq aksiyaların 2-ci ayı yaxınlaşır, problemlərsə xirtdəyəcəndir. Fars rejimi də problemləri həll etmək yerinə, ənənəvi varianta əl ataraq qonşu ölkələrdə münaqişələr, qarışıqlıqlar yaratmağa çalışır.
Terror düşərgələrindən səfirlik maşınlarına...
MÖVZU İLƏ BAĞLI:
İranın erməni qardaşlığının PƏRDƏARXASI – Tehran niyə Fransa ilə eyni mövqedən çıxış edir?
İranın uzun müddətdir Azərbaycanı da bu yöndə “radar”da saxladığı bəllidir. İndi isə din pərdəsinə bürüdüyü müridlərini illərdir ölkəmizə yollayan mollaların avazında cəng havasının notları duyulmağa başlayıb. Məlum olduğu kimi, noyabrın 1-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyətlə cənubdakı ağalarına qul olmaq yolunu tutan 19 nəfər saxlanıldı. İran xüsusi xidmət orqanları ilə bağları olan bu 19-luğun bəzi üzvlərinin əvvəllər terror düşərgələrində təlimlər keçdiyi də üzə çıxıb.
Digər ortaya çıxan fakt isə təhlükənin miqyasını daha aydın formada ortaya qoyub.
Belə ki, hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəli, göründüyü kimi, İran təkcə xüsusi xidmət orqanları və “maşa”larının əli ilə araqarışdıranlıq etmir. Faktiki olaraq bu ölkənin Azərbaycandakı rəsmi nümayəndələri də bu oyunun aktiv oyunçularıdır.
Dahi Sabirin dediyi kimi: “Nədir, ayə, yenə üsyanları iranlıların?”
Onların qarınlarının ağrısı bəllidir. İranın Azərbaycanı heç zaman müstəqil güc kimi qəbul etmədiyi agahdır, eyni zamanda daxilimizə səpdikləri toxumlarla dövlətimizə qarşı qurduğu oyunlar da. Görünür, artıq İran saman altından su yeritməklə istənilən nəticənin hasil olmayacağını dərk edib. Belə çıxır ki, İran xüsusi xidmət orqanları o qədər aciz duruma düşüblər ki, məqsədlərinə çatmaq üçün səfirliklərini də işin içinə daxil ediblər. Bu isə dünyanın harasında baş verməsindən asılı olmayaraq diplomatik utanc, rəzalətdir.
Yəni artıq açıq şəkildə deyə bilərik ki, İran təkcə terroru dəstəkləyən yox, terrorçu dövlətdir. Əgər bir dövlət rəsmiləri başqa bir ölkənin ərazisində iğtişaşlar törətmək üçün səfərbər olublarsa, həmin dövlətə başqa nə ad vermək olar?
İranın bu cür tüfeyli davranışı isə nə İslama, nə də qonşuluğa sığar.
Bircə onu deyə bilərik ki, əbalarının altında qurdlamış beyin gəzdirən mollalar cəbhəyə silah daşıyan erməni qareginlərindən daha alçaq məxluqlardır. Ən azından onların kim olduğu bizə bəllidir, bunlarınsa nə məzhəbi bəllidir, nə imanı.
Görünən dağa nə bələdçi? İranın İslama vurduğu zərbəni yüz illər boyu heç səlibçilər də vura bilməyib...
Murad Əhmədov, Bizim.Media