Elmar Məmmədyarov Soçi görüşü ilə bağlı DANIŞDI - ÖZƏL 

Hazırda oxunan: Elmar Məmmədyarov Soçi görüşü ilə bağlı DANIŞDI - ÖZƏL 

102299

“Soçi görüşü çox lazımlı və uğurlu idi. Əgər görüşün nəticələri ilə bağlı sənədə nəzər salsaq, görə bilərik ki, Azərbaycanın mövqeyi orada tam şəkildə öz əksini tapıb. İstər ərazi bütövlüyü, istərsə də sərhədlərin delimitasiyası prosesində 1991-ci il xəritələrinin əsas götürülməsi bura daxildir”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov səsləndirib.

Belə ki, oktyabrın 31-də Soçidə baş tutan üçtərəfli görüşü şərh edən keçmiş nazir bildirib ki, yekunlaşması üçün zaman tələb olunsa da, Cənab Prezidentin bəyan etdiyi kimi, il sonuna qədər sülh müqaviləsi sənədinin mətninin hazırlanması üçün vaxt var:
 

MÖVZU İLƏ BAĞLI:

Soçi görüşünün NƏTİCƏLƏRİ – “Sənədlərdə Qarabağla bağlı heç bir müddəa olmayacaq”


“Eyni zamanda gələn həftə Brüsseldə delimitasiya və demarkasiya məsələsi müzakirə olunacaq. Sonrakı mərhələdə isə nəqliyyat dəhlizlərinin açılması məsələsi öz həllini tapa bilər. Hamıya bəllidir ki, yollar açılmalıdır. Orada yeganə həll olunmalı məqam, Ermənistan tərəfinin qeyd etdiyi suverenlik məsələsidir. Amma 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatda nəqliyyat dəhlizlərinin Rusiyanın sərhəd qoşunları tərəfindən qorunması öz əksini tapıb. Ermənistan tərəfinin suverenlik baxımından problemi necə həll edəcəyi bəlli olmasa da, reallıq budur ki, Paşinyan artıq bu sənədi imzalayıb”.

Elmar Məmmədyarov sülh müqaviləsi imzalandıqdan sonra belə erməni təxribatlarının davam etməsi ehtimallarına da münasibət bildirib:

“Sülh sazişi hüquqi sənəddir və bu ciddi məsələdir. İmzalandıqdan sonra həmin sənədin ratifikasiya olunmalı və qanun kimi qəbul edilməlidir. Ona görə də, Ermənistanın açıq ürəklə sülh müqaviləsini imzalayıb, yolların açılmasını və delimitasiya prosesinin başa çatmasını qəbul etdikdən sonra, təxribatlara əl atması bir qədər ağılasığmaz görünür”.
Xatırladaq ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçi şəhərində üçtərəfli görüş baş tutub.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin