Aİ-nin Ermənistana gələn missiyası Rusiyanı özündən çıxarıb – Dünya siyasətçiləri ilə TƏHLİL

Hazırda oxunan: Aİ-nin Ermənistana gələn missiyası Rusiyanı özündən çıxarıb – Dünya siyasətçiləri ilə TƏHLİL

101404

Oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi”nin Zirvə Toplantısı çərçivəsində keçirilən görüşlərdə Avropa İttifaqı Ermənistana müşahidə missiyası göndəriləcəyi ilə bağlı qərar qəbul edib. Aİ müşahidə missiyasının 40 nəfərdən ibarət olan missiyası artıq ərazidədir və burada iki ay qalacaqları ehtimal edilir. Lakin Azərbaycan missiyanın öz ərazisində yerləşməsinə icazə verməyib, Ermənistan tərəfə gələn bu qrupla yalnız əməkdaşlığa razılaşıb.

Bu az deyilmiş kimi ölü olan ATƏT-in Minsk qrupunu oyandırmağa çalışan İrəvan ATƏT-dən də əraziyə missiya göndərməsini xahiş edib.

Sual doğuran məqam isə sərhədlərinin Rusiya tərəfindən qorunulan ölkənin niyə bu cür addım atmasıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan xarici siyasətçilər və politoloqlar Ermənistanın bu addımının Rusiyada heç də müsbət qarşılanmadığını deyirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Aİ nümayəndələri Azərbaycan-Ermənistan sərhədinə gedir - VİDEO


Qafqaz region üzrə ekspert, Karleton Universitetinin (Kanada) Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun professoru Robert Katler Bizim.Media-ya açıqlaması zamanı bildirib ki, Aİ-nin əraziyə göndərdiyi şəxslər texniki mütəxəssislərdən ibarət qısamüddətli “müşahidə missiyası” və ya “nəzarət missiyası”dır:

“Təbii ki, o, ATƏT-in Minsk Qrupundan müstəqildir. Minsk Qrupunu bir anlıq kənara qoysaq, Polşa rəsmiləri tərəfindən açıq müzakirə edilən ATƏT-in istənilən missiyası qeyri-legitim olardı. Xüsusilə, onun texniki tapşırıqları olmazdı.

Minsk Qrupuna gəlincə, hələ də formal olaraq kağız üzərində mövcuddur, lakin artıq heç kim bunu ciddi qəbul etmir. Bir ildən artıqdır ki, ABŞ-ın “Foreign Policy” jurnalında “Minsk Qrupu mənasızdır” demişdim. Hətta ATƏT rəsmi olaraq özünün monitorinq missiyası ideyasının Minsk Qrupu ilə əlaqəsi olduğunu iddia etmir. Yenə də deyirəm, ATƏT Ermənistan və Azərbaycana onun üçün yeni texniki tapşırıqlar təklif etməsə və hər iki tərəf bunu qəbul etməsə, Minsk Qrupu mənasız olaraq qalır”, - deyə Katler bildirib.

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin isə açıqlamasında istər Aİ missiyasının, istərsə də ATƏT missiyasının Ermənistanda olmasını Rusiyaya Qərbin açdığı ikinci cəbhə kimi qiymətləndirir:

“Qərb ölkələrinin ermənistandakı hər hansı bir fəaliyyəti Rusiyaya qarşı bir başa mesajdır. Avropa ölkələrinin hər hansı bir faəliyyəti istər Minsk qrupu altında, istər digər adlar altında bölgədə bir sıra problemlərin açılmasına gətirib çıxaracaq. Bütün hallarda bu onu göstərir ki, Paşinyan öz cızdığı xətt üzərində hərəkət edir. Hansı ki, o xətt 2018-ci ilə qədər davam etdi. Paşinyan küçə mintiqlərindən seçildikdən sonra bir qədər öz yolunu dəyişdi. Bu isə Rusiyanın heç də xoşuna gəlmir”, - deyə Bredixin qeyd edib.

İrəvanın bu kimi davranışlarına Kremlin sərt cavabı olacağını deyə Bredixin əlavə edib ki, hətta Ermənistan dövlət kimi mövcudluğu belə sual altına düşə bilər:

“İlk öncə Rusiya Ermənistanda öz gücünü artıracaq. Daha sonra Rusiya elə edəcək ki, Paşinyan istəsə də, istəməsə də, Qərbdən dəstək görsə belə hakimyətdən getsin. Belə davam etsə, regionda çox böyük müharibənin olacağı qaçılmazdır. Hansı ki, bu müharibəinin əsas səbəbkarlarından biridə Azərbaycan olacaq. Hazırda bütün bunlar Ermənistan ərazisində baş verməkdədir. Buna görə belə bir rəhbərlə ölkənin varlığı yox ola bilər. Bu çox təhlükəlidir”, - deyə A.Bredixin əlavə edib.

Türkiyəli politoloq Hakan Aktürk isə Rusiyanın Ermənistan və Azərbaycanla bağlı seçim etməli olduğunu düşünür. Rusiya ya ona ard-arda zərbələr endirən İrəvanı dəstəkləyəcək, ya da balanslaşdırılmış siyasət yürüdən Bakını:

“Düşünürəm ki, Rusiya bir qədər zəifləsə belə, o, regionda var və olacaq. Belə olan təqdirdə Kreml kimin tərəfində olduğunu açıq-aşkar deməlidir. Əslində Putin bunu deyib. Ərdoğanla son görüşü zamanı Azərbaycanı dəstəklədiyini dilə gətirib”, - deyə Aktürk əlavə edib.
Görünən odur ki, Paşinyanın son çılğınlıqlarına Rusiya cavabı 31 oktyabr Soçi görüşündə verəcək. İrəvanın nala-mıxa vuran siyasəti isə Soçi görüşündə yekun sülhün imzalanmasını labüd edir.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin