Ermənistan mətbuatı son günlər sülh müqaviləsinin qısa zamanda imzalanacağı ilə bağlı ardıcıl xəbərlər tirajlamaqdadır. Bu məlumatlar oktyabrın 31-də Soçi görüşünün anonsu verildikdən sonra daha da intensivləşib. Bir tərəfdən də revanşist düşüncə tərzinə malik ermənilərin və onların dəstəkçilərinin ölkəyə girişinə qadağa qoyulması, hansısa hazırlıqların getdiyindən xəbər verir.
Hadisələrin bu cür gedişatı ortaya yenə bir sualı çıxarır: Sülh müqaviləsi liderlərin növbəti görüşündə razılaşdırıla bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Zərdüşt Əlizadə qeyd edib ki, Ermənistanın müqavimət imkanları olduqca məhduddur:
MÖVZU İLƏ BAĞLI:
Pelosinin İrəvan SƏFƏRİ: “Rusiyanın gücü çatsa, Paşinyanı cəzalandıracaq” – Zərdüşt Əlizadə
“Azərbaycan istəyi isə bəllidir. Lakin Azərbaycanın da imkanları Rusiyanın əks-imkanları ilə müəyyən dərəcədə neytrallaşdırılıb. Hər şey tərəflərin hansı qərarı verəcəklərindən asılıdır və bu bəlli deyil. Azərbaycan münaqişənin bitməsini istəyir, Rusiya isə əksinə davam etməsini. Ermənistan da münaqişənin qurtarmasını istəyir, lakin Qarabağda qarmağını saxlamaq şərtilə. Göründüyü kimi, bir-biri ilə uzlaşmayan üç fərqi mövqe mövcuddur. Bu mövqelərin Soçidə uzlaşdırılıb-uzlaşdırılmayacağı isə qeyri-müəyyəndir.
Hələlik, bəlli olan odur ki, müharibə 2 ildir qurtarsa da, tərəflər hələ də görüşlərə davam edir. Vasitəçilərin sayı da getdikcə çoxalır və bu tərəflərin hər biri öz mənfəətini götürmək istəyir. Hətta cənubdan İran da qoşununu gətirib təlim keçirməklə “mən də varam” deyir. Okeanın o tayından Blinken hər həftə iki-üç dəfə zəng edib, istəklərini bildirir, eyni qayda Şarl Mişel, Makron və Putin”.
Siyasi şərhçi sülh üçün ən uyğun gördüyü variantı da açıqlayıb:
“Ən ağılabatan mövqeyi İlham Əliyev Tiflisdə ifadə etdi. Bu, üçtərəfli formatda Gürcüstan, Azərbaycan və Ermənistan müzakirələr aparsalar, öz, həm də bölgənin maraqlarını nəzərə almaqla ümumi razılığa gələ bilərlər. Lakin bu qərarı qəbul etmək üçün Ermənistanın zəruri imkanlarının olub-olmamağı bəlli deyil”.
Zərdüşt Əlizadə sülhün əldə olunmasına mane olan başlıca faktorun məhz vasitəçilərin çoxluğundan qaynaqlandığını qeyd edib:
“Vasitəçi ilk növbədə o dövlət ola bilər ki, onun münaqişənin hər iki tərəfinə təsir etmək imkanları olur. Və həmin dövlət münaqişə tərəflərindən istifadə etməklə öz maraqlarını təmin edir. Bədniyyət qüvvələr vaxtilə Ermənistanla Azərbaycanı münaqişəyə cəlb etdilər. İndi də çalışırlar ki, öz mənfəətlərini götürsünlər”.
Murad Əhmədov, Bizim.Media