Ukraynaya sərgilənən münasibət Azərbaycana niyə göstərilmir? – NATO-nun ədalət TƏRƏZİSİ

Hazırda oxunan: Ukraynaya sərgilənən münasibət Azərbaycana niyə göstərilmir? – NATO-nun ədalət TƏRƏZİSİ

101294

NATO İranın Ukrayna müharibəsində Moskvaya hərbi müstəvidə kömək etməsinə cavab olaraq onu xəbərdar edib ki, Rusiya təcavüzkar ölkə olduğundan bu dəstəyi dayandırsın. Belə bir açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

Qeyd edək ki, İranın Rusiyaya müharibədə istifadə etməsi üçün uçan pilotsuz aparatlar verdiyi bildirilir. Hansı ki, hazırda Rusiyanın Ukraynanın bir çox şəhərlərinə havadan endirilən hücumlarda məhz İrandan alınan silahlardan istifadə etdiyi qeyd olunur. 

Maraqlıdır ki, Ermənistan 30 il ərzində işğalçı siyasət yürüdərək, Azərbaycanın 20 faiz torpaqlarını işğal etmişdi.

Amma buna baxmayaraq, NATO qarışıq digər təsisatlar, Qərb dövlətləri bir dəfə də olsun Ermənistanın təcavüzkar dövlət olduğunu bəyan etməyib. Əksinə, onlar indinin özündə də əvvəllər olduğu kimi təcavüzə məruz qalan dövlətlə işğalçıya eyni gözlə baxmaqda davam edirlər.  

Nədən Qərb Ermənistan da təcavüzkar olduğu halda eyni təcavüz aktlarına münasibətdə fərqli baxış sərgiləyir? Bu ikili standartlar nədən qaynaqlanır?

Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimovun fikrincə, Qərbin Rusiyanı təcavüzkar dövlət hesab etməsi fonunda eyni rolu oynayan Ermənistana münasibətdə anoloji addımı atmaması onun Moskvanın hərəkətini birbaşa özünə qarşı təhdid kimi görməsilə bağlıdır: 

“NATO baş katibinin İrana xəbərdarlığı əsasən onun Rusiyaya yardımının qarşısını almaq məqsədi güdür. İndi bütün Qərb Rusiyaya kənardan hər hansı bir yardımın olmamasına çalışır. Bu İran deyil, başqa dövlət olsaydı belə, NATO onlara xəbərdarlıq edəcəkdi. Bu da ondan irəli gəlir ki, Qərb Ukraynanın yanındadır və onu dəstəkləyir. Azərbaycana münasibətdə isə işğala məruz qalan biz olsaq da Qərb əsasən işğalçı Ermənistanın yanında olub. İndi də anoloji vəziyyət davam edir. Bu vaxta qədər Qərb Ermənistanı nə işğalçı dövlət kimi tanımayıb, nə də onun Azərbaycana qarşı təcavüzünü lazımınca qiymətləndirməyib. Bu da ikili standartlardan irəli gəlir. 

Qərb Rusiyanın Ukraynaya hücumunu birbaşa özünə təhlükə kimi görür. Çünki Ukraynanın uğursuzluğu elə Qərbin məğlub olması demək olacaq. Ona görə də onların əsas məqsədi Rusiyanın məğlub edilməsi və zəiflədilməsinə nail olmaqdır”. 

Ekspert qeyd edir ki, eyni təcavüz aktlarına fərqli, ikili standartların olmasının müxtəlif subyektiv və obyektiv səbəbləri vardır: 

“Ölkəmizə münasibətdə belə ikili standartın yaranmasına, həmçinin Azərbaycanın müsəlman ölkəsi olması və Türkiyənin yanında yer alması, Qərb dünyası ilə bir qədər məsafə saxlaması da səbəb olub. Bütün bunlar Qərbin məsələlərə münasibətdə doğma ögey münasibətlərindən qaynaqlanır. Qərb bu günün özündə də ikili standartlardan istifadə edir, Ermənistanın təxribatlarına lazımi qiymət vermir. Bu hər zaman belə olub, bundan sonra da onların fikirlərini dəyişəcəyi gözlənilmir. Azərbaycan kənardan heç kimin yardımını gözləmədən öz yolunu davam etdirməlidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin