Oktyabrın 24-də haker qruplarının hücumu nəticəsində İranın nüvə fəaliyyəti ilə bağlı mühüm məlumatlar üzə çıxıb. Məlum olub ki, İrana bu işdə Rusiya yaxından kömək edir. Eyni zamanda cənub qonşumuzun uranı nüvə silahı əldə edəcək səviyyədə zənginləşdirməsi işinin də yaxın aylarda yekunlaşacağı gözlənilir.
Bəs, İran bu silaha sahib olarsa, bu, Tehranın xarici siyasətinə necə təsir göstərəcək?
Mövzunu Bizim.Media üçün şərh edən politoloq Cümşüd Nuriyev qeyd edib ki, İran uranın zənginləşdirilməsi ilə çoxdan məşğul olur.
MÖVZU İLƏ BAĞLI:
Təbriz və Tehranda etirazlar yenidən alovlandı - VİDEO
“Rusiya isə daha əvvəl Şimali Koreya və Çinin də nüvə silahı əldə etməsində yardımçı olub. Yəni bu mənada İran üçüncü dövlətdir. Müasir münaqişlərin yaranmasında əsas faktorlardan biri də məhz nüvə silahı arsenalının genişləndirilməsi meyilləridir. Doğrudur, İran nüvə silahını daha çox İsrailə görə əldə etməyə çalışır, lakin istənilən halda bu ölkənin ən kiçik nüvə başlığına sahib olması belə təhlükəlidir. Çünki molla rejimi düşüncə ilə yox, fətva ilə hərəkət edir. Onlar dünya sivilizasiyasından 500 il geri qalıblar”.
Politoloqun sözlərinə görə, uranın zənginləşdirilməsi İranı təkcə bölgə yox, dünya üçün təhlükə mənbəyinə çevirir:
“Lakin İran bundan istifadə edə bilməyəcək. Düşünürəm ki, İranda tezliklə dövlət çevrilişi baş verəcək, Şahın taleyini Xamenei də yaşayacaq. Həm İranda gedən hadisələr, həm də bu ölkənin narkotrafikdə iştirakı ilə bağlı faktlar üzə çıxıb. Araşdırmaya görə, SEPAH-ın ancaq narkotik satışından il ərzində 150 milyard dollar gəliri olur. İranın narkotikdən əldə etdiyi ümumi gəlir isə 200 milyarddan çoxdur. Həmin vəsaitin bir qismi məhz nüvə silahının əldə edilməsi üçün xərclənir. Bu faktorlar İranda çevrilişi labüd edir. Təxminim edirəm ki, gələn ilin aprelinə qədər növbəti İran inqilabı olacaq”.
Cümşüd Nuriyev molla rejimini əvəzləyəcək yeni hakimiyyətlə bağlı da fikirlərini bölüşüb:
“Hakimiyyətə birmənalı şəkildə bu müddət ərzində ABŞ-da formalaşmış komanda gələcək. ABŞ və Kanadada İran diasporu çox güclüdür. Bu dəfə onlar hakimiyyəti Xomeyni kimi mənşəyi bəlli olmayan birini gətirməyəcəklər, bu şəxs İran elitasına mənsub olacaq. Heç bir halda yeni hakimiyyət molla rejiminin davamı olmayacaq. Çünki bunlar təkcə İranı yox, bütün İslamı məhv etdilər”.
Murad Əhmədov, Bizim.Media