“Bunların bir adı var: Vətən xaini” – Siyasilərdən Aİ missiyası ilə bağlı MÜNASİBƏT

Hazırda oxunan: “Bunların bir adı var: Vətən xaini” – Siyasilərdən Aİ missiyası ilə bağlı MÜNASİBƏT

101006

Aİ missiyasını Azərbaycan dövləti birmənalı şəkildə öz ərazilərinə buraxmadı. Səbəbsə bəllidir. Aİ, ATƏT və bu kimi təşkilatlar son 30 ildə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Üstəlik, rəsmi Bakı sərhədlərin delimitasiyası və demarkasiyasını Azərbaycanla Ermənistanın daxili işi hesab edir. Və bu məsələdə üçüncü dövlətin təşkilatın bu və ya digər şəkildə iştirakını yolverilməz hesab edir. Di gəl ki, “sapı özümüzdən olan baltalar” hər vəhclə Aİ missiyasının ölkəmizə gəlməsini təşviq edir. Bu məsələdə Əli Kərimli və onun kimi bəzi anti-milli qüvvələr çox böyük canfəşanlıq edir.

Məsələ ilə bağlı Azərbaycandakı bəzi partiya liderlərinin mövqeyini öyrəndik.

Milli İstiqlal Partiyasının lideri Bizim.Media-ya açıqlamasında bu fikrin kökündən səhv olduğunu bildirdi:
 

MÖVZU İLƏ BAĞLI:

Əli Kərimli niyə narahatdır? – Maraqlı SƏBƏB


“Ermənistanla Azərbaycan arasındakı sərhədlərin delimitasiya və demarkasiya məsələsi sırf bu iki dövlətə aid məsələdir. Bu məsələyə üçüncü bir dövlətin və yaxud təşkilatın cəlb edilməsi yolverilməzidir. Aİ Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişinin hazırlanması prosesində iştirak edir. Lakin Aİ-nin sərhədlərin dəqiqləşdirilməsi prosesində iştirakını Azərbaycan istəmir. Və Azərbaycanın bu məsələdəki prinsipiallığı ən doğru qərardır.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin də bu məsələyə münasibətini öyrəndik.

O, Bizim.Media-ya bildirdi ki, mən də Azərbaycan sərhədlərinə Aİ-nin gəlməsinin tərəfdarı deyiləm:

“Heç bir xarici dövlətin sərhədlərimizin qorunmasında müşahidəçi və yaxud başqa adla iştirakına ehtiyac yoxdur. Çünki Azərbaycan öz sərhədlərini qorumağa qadirdir”. 

Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev məsələyə daha sərt reaksiya verdi.

O, Bizim.Media-ya bildirdi ki, Aİ-nin Ermənistana missiya göndərməsini Əli Kərimli və xaricdəki “söyüş blogerləri” Azərbaycanın xarici siyasətinin iflası kimi qələmə verirlər:

“Mən başa düşə bilmirəm ki, Əli Kərimli və digər bunun kimilər hansı dinə, imana, hansı ölkəyə qulluq edir. Bəlkə biz bilmirik bunlar Ermənistana qulluq edirlər. Bu üzdəniraqlar Paşinyanın, Ermənistanın tərəfdarına çevriliblər. Mənə elə gəlir ki, bizim başımıza bu oyunlar bəlkə də ona görə gəlir ki, biz unutqanıq. Birinci Qarabağ müharibəsində 20-25 min, 44 günlük müharibədə isə 3100 şəhidi unudublar, başlayıblar ermənipərəst siyasətə”.

Razi Nurullayev onu da əlavə etdi ki, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Aİ-nin və ATƏT-in sərhədlərin delimitasiya və demarkasiya məsələsinə qarışmasını istəmirik:

“Açıq və konkret şəkildə deyilmiş bu fikrə dövlətçilik baxımından heç bir alternativ fikir ola bilməz. Əli Kərimli istəyir ki, Aİ, ATƏT missiyaları Azərbaycan sərhədlərinə gəlsinlər. Ona görə ki, onlar milli hisslərdən, vətənərvərlikdən uzaqdırlar. İqtidar nə edir etsin, dəxli yoxdur, onlar bunu düşmən gözündə görürlər. Azərbaycanın uğurlarını, qüdrətlənməsini onlar həzm edə bilmirlər. Bunların bir adı var: Vətən xaini”.
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə Bizim.Media ilə söhbətində Aİ missiyasının Azərbaycana gəlməsini istəyənlərin səhv mövqedən çıxış etdiklərini bildirdi:

“Azərbaycan xalqı da, Azərbaycan dövləti də son 30 ildə Aİ-nin də, ATƏT-in də Azərbaycana qarşı hansı mövqe tutduğunu çox gözəl bilir. Ona görə də həm Azərbaycan rəhbərliyi, həm də XİN doğru qərar qəbul edib ki, Aİ missiyasını Azərbaycana dəvət etməyib. Bu fikrin əleyhinə çıxanlar milli maraqlardan uzaq olan qüvvələrdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin