Ötən ay Parisdə Azərbaycan səfirliyinə hücum edən radikal erməni qrupunun üzvü Loris Tufanyana qarşı iki fakt üzrə cinayət işi açılıb. Bu şəxs səfirliyin binasına güc yolu ilə girməyə cəhddə və səfirliyin əməkdaşının həyatını riskə atmaqda ittiham olunur.
Əldə olunan məlumata görə, Tufanyan təxminən bir həftə Paris polisinin nəzarətində olub.
Lakin, o oktyabrın 19-da sərbəst buraxılıb. Ona məhkəməyə çağırışla bağlı bildiriş təqdim olunub. Ən maraqlısı da odur ki, məhkəmə 2023-cü ilin 23 iyununa təyin edilib.
Fransanın Ermənistana münasibəti bəllidir. Onlar özlərini ermənilərin hər zaman “böyük bacı”sı adlandırırlar. Amma bəzi məsələdə, konkret olaraqsa Loris Tufanyana münasibətdə Fransa birbaşa beynəlxalq hüququ ayaqlar altına atdı. Tufanyan kimi radikal ünsürü sərbəst buraxması və onun barəsində bir il sonraya məhkəmə baxışı təyin edilməsi nəinki beynəlxalq hüquqa ziddir, bu həmdə insanlığa bir təhqirdir.
Məsələ ilə bağlı Millət vəkili Razi Nurullayevin fikirlərini öyrəndik.
Bizim.Media-ya açıqlamasında o, Fransa hökümətinin davamlı olaraq Azərbaycana qarşı ikilistandart apardığını bildirdi:
MÖVZU İLƏ BAĞLI:
Fransadakı səfirliyimizə hücuma görə SAXLANILAN VAR
“Fransa kimi böyük və zəngin ənənələri olan bir dövlətin belə siyasət yürütməsi onun heç də hər zaman ədalətin yanında durmadığının sübutudur. Belə görünür ki, Fransa beynəlxalq hüququ, ədaləti müxtəlif ölkələrə özünün maraqları prizmasından tətbiq edir. Bu isə qətiyyən yolverilməzdir. Nəzərə alaq ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biridir. Belə çıxır ki, Fransa dünyada haqqın, ədalətin arbitrajı, məhkəməsi kimi çıxış etməlidir. Amma biz bunun tam əksini görürük”.
Millət vəkili onu da əlavə etdi ki, Fransadakı radikal erməni gəncləri təşkilatının keçmiş sədri Loris Tufanyan Azərbaycanın səfirliyinə hücum edir, amma ölkənin ədalət sistemi bu adamın erməni olduğuna görə ona qarşı loyal davranır:
“Bir erməni hücum edir səfirliyimizə, oradakı təhlükəsizlik xidmətinin əməkdaşının həyatına təhlükə yaradır, səfirliyin binasına ziyan vurur və sairə. Güclü təziyqlərdən sonra Fransa polisi onu həbs edir, sonra isə həbsdən buraxır.
Məhkəməsini də gələn ilə saxlayır. Bu yolverilməzdir. Bu beynəlxalq hüququn üzünə tüpürmək deməkdir.
Fransanın bu şəkildə münasibəti Azərbaycan-Fransa münasibətlərinin öz oxundan çıxması anlamına gəlir. Fransa münaqişənin davam etdiyi 30 il müddətində bir dəfə də olsun Ermənistanı təcavüzkar, irticaçı adlandırmadı.
Və bu gün də birtərəfli münasibətlərini davam etdirən Fransa yenə də Ermənistanın yanında dayanır. Üstəlik, Azərbaycanı təcavüzdə ittiham edir. Bu vəziyyətdə Azərbaycanın Fransa ilə münasibətlərinə yenidən baxmaq zərurəti yaranır”.
Surxay Atakişiyev, Bizim.Media