İƏT-nın Bəyannaməsinə Ermənistanda Azərbaycan abidələrinin dağıdılması bəndi daxil edilib - FOTO 

Hazırda oxunan: İƏT-nın Bəyannaməsinə Ermənistanda Azərbaycan abidələrinin dağıdılması bəndi daxil edilib - FOTO 

100662

Oktyabrın 22-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin informasiya nazirlərinin 12-ci iclası keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə 57 dövlətdən məsul nazirlər və səlahiyyətli nümayəndələrin iştirak etdikləri iclasda Azərbaycan da nümayəndə heyəti ilə təmsil olunub.

Tədbir üzv dövlətlərin informasiya sahəsində əməkdaşlığının gücləndirilməsi, müasir və qlobal çağırışlar, feyk-nyus və dezinformasiya ilə birgə mübarizə kimi vacib məsələlər müzakirə edilib.
İclasın sonunda İstanbul Bəyannaməsi və müvafiq qətnamə qəbul edilib.

Bəyannamə və qətnaməyə Azərbaycan tərəfindən aşağıdakı bəndlər əlavə edilib:

• İƏT Baş Katibliyinin İnformasiya Departamentinə humanitar mina problemi, hərbi təcavüz və münaqişələr nəticəsində İslam mədəni irsinin dağıdılması kimi ciddi çağırışlarla üzləşən üzv dövlətlərə jurnalist səfərlərinin təşkil edilməsinə çağırış edir.

• Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin qəsdən dağıdılması və təhqir olunması kimi səhv hallarının başqa ərazilərdə qarşısının alınması məqsədilə bu kimi məlumatların media və sosial şəbəkələrdə daha geniş yayılmasına çağırış edir.

• Üzv Dövlətlərin media qurumlarını qeyri-müsəlman ölkələrində, xüsusilə yerli müsəlman icmalarının etnik təmizləməyə məruz qaldığı ərazilərdə islam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi hərəkətləri haqqında qlobal məlumatlılığı artırmağa çağırış edir.

Sonuncu bənddə Ermənistan ərazisində tarixən Azərbaycan xalqına məxsus olmuş mədəni və dini abidələrin qəsdən dağıdılması və izinin itirilməsinə eyham edilib.

Belə ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında böyük cinayətlər törədib. Qərbi Azərbaycanda abidələrimizin, qəbiristanlıqlarımızın sökülməsi, o cümlədən İrəvanda Təpəbaşı məhəlləsindəki irsimizin hücuma məruz qalması bəşəri irsə aid olacaq abidələrimizin məhv edilməsi prosesinin tərkib hissəsidir.

Ermənilər azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik dövlətin rəhbərliyi əvvəllər azərbaycanlıların məşkunlaşdıqları 703 yaşayış məntəqəsinin adını dəyişdirərək erməniləşdirib.
Bu sənəd Azərbaycanın ermənilər tərəfindən silinməkdə olan tarixi-mədəni irsinin beynəlxalq təşkilatlarda qaldırılması, məsələnin qlobal platformalarda müzakirəyə çıxarılması üçün baza rolunu da oynaya bilər.

Bundan əvvəl Ermənistandakı Azərbaycan irsinin və ölkəmizin işğaldan azad edilmiş torpaqlarında dağıdılmış mədəni abidələrin araşdırılması məqsədilə missiyanın göndərilməsi üçün UNESCO-ya da müraciət olunub.

Təəssüf ki, bu təşkilat tərəfindən sözügedən istiqamətdə indiyədək hər hansı bir addım atılmayıb.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin informasiya nazirlərinin növbəti iclasının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin