Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 18 oktyabr müstəqillik aktının lehinə səs verənlərin cəmiyyətə qəhrəman kimi sırınmasını tənqid edib.
O həmçinin, həmin dövrdə digər respublikaların Azərbaycandan öncə müstəqilliklərini elan etməsinə də diqqət çəkib:
“Bilirsiniz ki, artıq 31 ildir, müstəqillik prosesinin gedişatı ilə bağlı bəzi insanları xalqımıza qəhrəman kimi sırımaq cəhdləri mövcuddur, amma etiraf edək ki, biz 18 oktyabrda müstəqilliyi tarixi proseslərin təbii axarında, SSRİ-nin dağılması fonunda yenidən əldə etmişik.
Hətta cənab İlham Əliyevin Füzuli ictimaiyyəti ilə görüşdə də səsləndirdiyi kimi, bu məsələdə çoxlarından da geri qalmışıq. Digər dövlətlər 1991-ci ilin mart ayından bu prosesə start vermişdi, hətta qonşu Gürcüstan aprel ayında müstəqilliyini elan etdi. Amma bizim o zamankı “üzdə olanlar” nə edirdi? Faktiki mövcud olmayan SSRİ-nin tərkibində qalıb-qalmamağı müzakirə edirdilər. Hətta bu məsələni referenduma çıxarmağı qərara aldılar. Budurmu qəhrəmanlıq?”
Deputatın fikrincə, müstəqillik bərpa edildikən sonra 18 oktyabrı Müstəqillik Günü kimi qeyd etməyə başladılar ki, bu da aşkar formada təxribat idi:
“Biz əgər Müstəqillik aktında özümüzü xalq Cümhuriyyətinin varisi hesab edirdiksə, deməli əvvəllər müstəqil olmuşuq, 18 oktyabr isə müstəqilliyin 70 ildən sonra bərpa olunduğu gündür”.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında həmin dövrdə Müstəqillik Aktına səs verən Cümşüd Nuriyevin fikrincə, Bəhruz Məhərrəmovun tarixi bilikləri kasaddır:
“O, gedib tarixi oxusun, siyasətdən baş çıxarsın və bir də ağlına gələni danışmasın. İndi o çox rahatlıqla belə danışa bilər. Bəli, müstəqillik aktının lehinə səs verənlərə qəhrəman demək olmaz. Amma, bu aktın qəbul edilməsindən öncə, 1991-ci ilin martın 7-də SSRİ-nin saxlanılması əleyhinə cəmi 43 deputat səs verdi. Onlar qəhrəmandırlar. Heydər Əliyev də onların içərisində idi. Digər tərəfdən, 1918-ci ildə Azərbaycan Cümhuriyyət olub. Amma 1991-ci ildən Azərbaycan Respublikasıdır.
Yəni adların fərqi var.Tarixən 28 may birinci Azərbaycan Respublikasının yaranması günüdür. Oradakı müstəqillik məsələsilə 18 oktyabrda elan edilən müstəqilliyi qarışdırmaq tarixi aspektdən doğru deyil.
Ən ağır zamanlarda orada olan, hamısının taleyi sual işarəsi altında olan istiqlalçı deputatlara pensiya belə vermirlər. Onda Bəhruz müəllimdən soruşuram, biz deputat deyiliksə, hansı Müstəqilliyin Bərpası günündən danışırsan? Həmin 43 nəfər boynuna kəfən salaraq sovet dövrünün ən ağır vaxtında müstəqilliyə səs verdi, sənin nə ixtiyarın var ki, onların haqqını danasan. Nəinki, danışdığı 1918-ci il məsələsindən, Bəhruz Məhərrəmovun heç 90-cı illərə qədər olanlardan xəbəri olmayıb”.
AXP sədri Pənah Hüseyn bu məsələ ilə bağlı susmağa üstünlük verdi:
“Bu məsələyə münasibət bildirməyə ehtiyac görmürəm. Belə məsələlərə şərh verməyə ehtiyac duymuram”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:00 / 20.10.2022
Cümşüd Nuriyevdən deputata İRAD – “Onların haqqını danmağa nə ixtiyarın var?”
Hazırda oxunan: Cümşüd Nuriyevdən deputata İRAD – “Onların haqqını danmağa nə ixtiyarın var?”
Hazırda oxunan: Cümşüd Nuriyevdən deputata İRAD – “Onların haqqını danmağa nə ixtiyarın var?”
100156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.