Telekanalların saniyəsi 50 manata seçki reklamı təklif etməsi onların pul sarıdan korluq çəkmədiyi anlamına gəlirmi?
Moderator.az - ın əməkdaşı tanınmış teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmliyə bu sualla müraciət edərək aşağıdakı cavabı alıb:
"TV - lərin pullu seçki təşviqatı ilə bağlı belə yüksək qiymət müəyyənləşdirməsi absurddur. Əslində seçki kampaniyasından ağıllı şəkildə bəhrələnib pul qazanmaq bütün telekanalların arzusudur. Yaxşı, bəs onda niyə TV - lər bu absurd addımı ataraq reallıqdan uzaq qiymətlər uydururlar? Məsələyə iki aspektdən qiymət vermək olar: birincisi ya bizim telekanallar həqiqətən belə fikirləşirlər ki, hansısa axmaq onların bu qiyməti ilə efirə çıxacaq, onlar da büdcələrini zənginləşdirəcəklər. İkincisi də belə yüksək qiymətlər qoyulub ki, heç kim pullu təşviqatdan "bəhrələnməyə" ürək eləməsin. Daha ciddi bir məqam ondan ibarətdir ki, görünür TV - lərimiz özləri müstəqil qiymət siyasəti yürüdə bilmirlər və sadəcə hardansa verilən tapşırığı yerinə yetirirlər. Bu məsələdə xüsusən İTV - nin tutduğu mövqe çox məntiqsizdir, bu kanalın qiymət məsələsində hansı meyarlara əsaslandığı, nəyi əsas götürdüyünü sağlam ağılla dərk eləmək olmur. Onsuz da seçki kampaniyası ilə bağlı arada xeyli söz - söhbət var. Bir yandan da TV - lər qiymət hoqqabazlığı ilə bu mənzərəni bir az da tündləşdirirlər".
































































































