Ermənistanın tirajladığı videoya Tofiq Zülfüqarovdan REAKSİYA – “Qərbdən sanksiya gözləyirlər”

Hazırda oxunan: Ermənistanın tirajladığı videoya Tofiq Zülfüqarovdan REAKSİYA – “Qərbdən sanksiya gözləyirlər”

97304

Son günlər guya Azərbaycan əsgərlərinin erməni hərbçiləri öldürməsi ilə bağlı sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.

Videonun hansı şəraitdə çəkildiyi, görüntülərdən şəxslərin kimliyi, ümumiyyətlə, videonun “fake” olub-olmaması belə bəlli olmadığı bir vaxtda Ermənistan tərəfi məsələni mümkün olduğu qədər qabartmağa çalışdı. Hətta bir sıra ölkələrə, təşkilatlara belə guya Azərbaycanın müharibə cinayətləri törətməsi ilə bağlı videonu sübut göstərərək müraciətlər ünvaladı.

Özü də nə bir araşdırma apardılar, nə də Azərbaycanın araşdırmalarının yekunlaşmasını gözlədilər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistana hansı sürprizi hazırlayır? – Tofiq Zülfüqarovun ŞƏRHİ


Rəsmi Bakı isə 30 il ərzində Ermənistanın törətdiyi, indi də törətməyə davam etdiyi hərbi cinayətlərə reaksiyasından fərqli mövqe sərgilədi, məsələ ilə bağlı dərhal araşdırma başlatdı. Özü də kiminsə basqısı, yaxud çağırışı olmadan bunu etdi.

Azərbaycan XİN-in mövzu ilə bağlı son açıqlamasında da aydın şəkildə qeyd olunub:

“Vurğulamaq istərdik ki, bu araşdırma hər hansı çağırışlara cavab olaraq deyil, məhz Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərinə ciddi yanaşması çərçivəsində başladılmışdı. Videoların araşdırılması ilə bağlı Azərbaycanın Hərbi Prokurorluğu tərəfindən hələ bir müddət öncə hərtərəfli araşdırmanın başlanılması ilə bağlı bəyanat verilmişdi”.

Lakin Azərbaycana qarşı Qərb dairələrinin sərgilədiyi mövqe, heç də Ermənistana yanaşmalarına bənzəmədi. Kökü bəlli olmayan bir video üzərindən Azərbaycan ittiham edildi. 
Mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, hərbi təbliğat və müharibə təbliğatının özünəməxsus xüsusiyyətləri var:

“Əsas vəzifə düşməni insanlıqdan çıxmış kimi göstərmək və təbliğat yolu ilə onu normal insana xas olan bütün müsbət keyfiyyətlərdən məhrum etməkdir. Bunun nəticəsində öz qoşunlarının əhval-ruhiyyəsinin yüksəlməsinə nail olunur. Hərbi personalın hərbi əməliyyatlara həvəsi artır. Bu, bütün ordulara şamil edilən ümumi qaydadır.

Ermənistan silahlı qüvvələrinin əsgərlərinin motivasiyası problemi düşmən üçün ən vacib məsələlərdən biri olub və qalır. Təslim olmağa hazır olmaq, öz mövqelərini əmrsiz və müqavimətsiz tərk etmək, fərarilik Ermənistan Müdafiə Nazirliyinin gündəlik gündəminin aktual mövzularıdır. Əminəm ki, bu mövzudan beynəlxalq aləmdə istifadə etmək cəhdləri ilə yanaşı, sosial şəbəkələrdə tirajlanan kadrlar məğlubiyyətdən sonra ruhdan düşmüş erməni ordusunun döyüş qabiliyyətini yüksəltmək vəzifəsini daşıyır”.

Tofiq Zülfüqarov məsələnin beynəlxaq aspektlərinə də diqqət çəkib:

“Bu “video”nun ortaya çıxması Aİ ölkələrinə qaz nəqli üçün interkonnektorun açılışı ilə eyni vaxta təsadüf edib. İrəvanın əsas məqsədi Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinə nail olmaqdır.
Pelosinin səfəri, ABŞ Konqresində erməni lobbisinin fəallaşması, Aİ-də təbliğat və s. kimi nüanslar Kremlin Azərbaycan qazının Avropaya nəqlini əngəlləmək əmrinin yerinə yetirilməsidir. Video Aİ-nin enerji təchizatı üçün alternativ təchizatçılar və nəqliyyat qovşaqları kimi Azərbaycan və Türkiyəyə qarşı kütləvi kampaniyanın aparılmasının təbliğat səbəbi kimi ortaya çıxıb”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin