“Rusiyadan Azərbaycana yüz minlərlə soydaşımız gələ bilər” – Ekspertdən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Rusiyadan Azərbaycana yüz minlərlə soydaşımız gələ bilər” – Ekspertdən XƏBƏRDARLIQ

95252

“Rusiyadan kütləvi köç dalğası sosial böhrandan daha çox, cəmiyyətin baş verənlərə münasibətinin göstəricisidir. Cəmiyyət etirazların sərt şəkildə boğulduğunu gördüyü üçün ayaqları ilə etiraz edir, ölkədən çıxmaq istəyir. Çünki onlar müharibəni özününkü hesab etmir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

Ekspertin sözlərinə görə, bütün təbliğatlara baxmayaraq, cəmiyyətin müharibəyə etirazı aydın görünür:

“Elə Ukraynanın da üstünlüyü budur ki, ordusunun, vətən, bayraq motivasiyası var. Amma rusların Xerson vilayətində heç bir motivasiyası yoxdur. Lakin baş verənlər eyni zamanda, cəmiyyətdə sosial-siyasi etiraz potensialının da toplanmasının bir işarəsidir”.
Natiq Cəfərli Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana mümkün köç dalğası ilə bağlı da fikirlərini bölüşüb:

“Azərbaycanla Rusiya arasında quru sərhədlər bağlı olduğu üçün, Gürcüstana, yaxud Qazaxıstanda olduğu kimi, axın yoxdur. Yalnız hava yolu ilə gediş-gəliş mümkündür. Amma bizim soydaşlarımızın oradakı vəziyyətini dövlət orqanları diqqətdə saxlamalıdırlar. Çünki Rusiya vətəndaşı olmadan orada yaşayan, çalışan soydaşlarımız var.

Onların Azərbaycana qayıtmaq istəyi varsa, Konstitusiyaya görə dövlət öz vətəndaşı üçün bu şəraiti yaratmalıdır. Amma Rusiya vətəndaşları üçün vəziyyət bir qədər qəlizdir, çünki onlar həmin ölkənin qanunlarına tabedirlər.
Əgər onlar səfərbərliyə alınarsa, bu artıq problemə çevriləcək. Bəllidir ki, onların bir çoxu Rusiya vətəndaşlığı alsalar belə, Azərbaycan pasportunu da saxlayır, nadir hallarda təhvil verirlər. İndi onlar seçim qarşısında qala bilərlər. Yəni, Rusiya vətəndaşlığından imtina edib, Azərbaycana qayıtmaq istəyənlər ola bilər. 

Buna görə də dövlət qurumları buna hazır olmalıdırlar. Çünki proseslərin bu məcraya yönəlməsi, Rusiyadan kifayət qədər çox sayda, on, yüz minlərlə soydaşımızın köçü baş verə bilər. Amma Azərbaycan infrastruktur olaraq, hələlik buna hazır deyil”.

Müsahibimiz, köç dalğasının Rusiyada işçi böhranına səbəb olması ehtimalından da söz açıb:

“Problem yarada bilər. Zatən miqrantların hesabına Rusiyada işçi qüvvəsi toplanır. Lakin xaricə axına və bütün təhlükələrə rəğmən, Orta Asiya ölkələrində Rusiyada çalışmaq istəyən kifayət qədər insan var.
Məsələn, Tacikistanda orta əmək haqqı 100-150 dollar civarındadırsa, həmin şəxs Rusiyada asanlıqla ən azı 500 dollar məvaciblə iş tapa bilər. Yəni, işçi qüvvəsinə ehtiyac yarandıqca, bu ölkələrdən miqrantlar gələ bilər.

Lakin Rusiyanın özündə iqtisadi aktivliyin azalmasını, iş yerlərinin qapanmasını da nəzərə almalıyıq. Rusiyanın rəsmi statistikasına görə, fevral ayından bəri 4 milyona yaxın iş yerləri bağlanıb. Bunun özü də işçi qüvvəsinə tələbatın azalmasına səbəb olub”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin