Qarabağda yaşayan etnik ermənilərə Azərbaycan vətəndaşlığı necə verilməlidir?

Hazırda oxunan: Qarabağda yaşayan etnik ermənilərə Azərbaycan vətəndaşlığı necə verilməlidir?

91589

"1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə iki ölkə arasında məcburi əhali mübadiləsi baş verib. Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz torpaqlarından qovulduqdan sonra Azərbaycana pənah gətirdilər və ölkəmizin vətəndaşı oldular. Azərbaycanı tərk edən ermənilər də Ermənistanda və ya mühacirət etdikləri ölkələrdə vətəndaşlıq aldılar. Amma Qarabağ erməniləri üçün proses başqa məcrada inkişaf etdi. Onlar fiziki olaraq Azərbaycan ərazisində məskunlaşdılar, eyni zamanda isə Ermənistan vətəndaşı oldular."

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov öz Telegram kanalında yazıb.

Onun sözlərinə görə, 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərar qəbul etdi. Bu qərar həm SSRİ-nin daxili qanunvericiliyinə, həm də beynəlxalq hüquqa zidd idi.

"SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 10 yanvar tarixli qərarında Ermənistan SSR Ali Sovetinin qərarının SSRİ Konstitusiyasına zidd olduğu vurğulandı. Lakin bu qərar Ermənistanın daxili qanunvericiliyində hələ də hüquqi qüvvəsini saxlayır.

Bu akt təkcə Azərbaycan ərazilərinin qanunsuz ilhaqı deyildi, həm də Qarabağın erməni əhalisinin Ermənistan vətəndaşlığını qəbul etməsini şərtləndirirdi.

Ermənistan Konstitusiyasında ilhaq barədə qərara başqa istinad da var. 1989-cu il qərarına 2003-cü ildə Ermənistanın Kassasiya (Ali) Məhkəməsi də istinad edib. Belə ki, 2003-cü ildə bir qrup müxalif siyasətçi o vaxtkı prezident Robert Köçəryanı məhkəməyə verib.

İddia ondan ibarət idi ki, Konstitusiyaya görə, Köçəryan ölkə prezidenti postunu tuta bilməz. Konstitusiyaya görə, prezidentliyə namizəd “son on ildə Respublikada daimi yaşayan” şəxs olmalıdır.

Həmin vaxt məhkəmə 1989-cu il qərarına istinad edərək “Dağlıq Qarabağ hüquqi baxımdan Ermənistanın bir hissəsi olduğu üçün R.Köçəryanın vətəndaşlığı Konstitusiyanın bu tələbinə cavab verir” qərarını vermişdi.
İndi Ermənistanın başqa dövlətin ərazisində qanunsuz yaşayan öz vətəndaşları ilə bağlı tələbi absurddur. İrəvan Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşları kimi hüquqlarını müzakirə etməzdən əvvəl ilk növbədə rəsmən bəyan etməlidir ki, bu şəxslər Ermənistan vətəndaşı deyillər.

Bunun üçün 1989-cu il fərmanı hüquqi qüvvədən düşməli və qanunvericilik formasında addımlar atılmalıdır.

Hadrut erməniləri, eləcə də Qarabağın digər rayonlarının erməniləri indi məhz Ermənistanın bu siyasətinə görə çətinliklərlə üzləşiblər. Onlar hüquqi vakuumun içindədirlər və qaçqın kimi tanınmırlar.
Beynəlxalq hüquqa görə, qaçqınlar vətəndaşı olmayan ölkəyə köçən insanlardır. Həmin şəxslər bir vaxtlar yuxarıdakı sxemə görə Ermənistan vətəndaşlığını alıblar. Beynəlxalq hüquqa görə, onlar məcburi köçkün hesab oluna bilməzlər. Çünki məcburi köçkünlər öz dövlətlərinin hüdudları daxilində miqrasiya edən insanlardır. Qarabağ isə Ermənistan deyil!

Nəticədə həm Hadrut, həm də Qarabağın digər rayonlarının erməniləri çıxılmaz vəziyyətə düşüb.

Ya Ermənistan vətəndaşı kimi sakitcə yaşamalı, ya qaçqın statusu almaq üçün Ermənistanın yox, Azərbaycanın vətəndaşı olduqlarını sübut etməlidirlər. Azərbaycan ərazisində yaşamaq üçün sübut etməlidirlər ki, nə Ermənistanın, nə də başqa ölkənin vətəndaşıdırlar. Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir.

Bunun üçün onlar Azərbaycanın müvafiq dövlət strukturlarına müraciət etməlidirlər. Əgər, Ermənistan rəhbərliyi onlara kömək etmək fikrinə düşsə, vətəndaşlıqlarını rəsmən ləğv etməlidir.

O zaman Qarabağın etnik erməniləri Azərbaycanın və yaxud digər ölkənin vətəndaşlığını almazdan əvvəl qanuni olaraq vətəndaşlığı olmayan şəxs hesab edilməlidirlər ”, – deyə F.Məmmədov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin