Ermənistanla Azərbaycan (Zəngəzurdan Qarabağa) arasında nəqliyyat əlaqəsi avqustun 30-da saat 20:00-dan etibarən Laçın şəhərindən yan keçən yeni marşrutla həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Təhlükəsizlik Şurası yayıb.
Marşrutu müvəqqəti olaraq Qorus-Xankəndi avtomobil yolu ilə birləşdirən 4,7 km uzunluğundakı yolda asfalt işləri artıq yekunlaşıb. Yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək.
Qeyd edək ki, Laçın dəhlizinə bitişik Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər avqustun 25-dən əvvəl evlərini tərk ediblər. Bu yaşayış məntəqələri dəhlizin marşrutunun dəyişdirilməsi çərçivəsində Azərbaycana verilib.
Əsas yol işə düşənə qədər (Kornidzor kəndi vasitəsilə) yeni marşrut boyunca müvəqqəti torpaq yol (4 km) fəaliyyət göstərəcək. O, Zabux kəndinin bir qədər yuxarısından (Tex kəndinə yaxın) başlayır və Həkəri çayı üzərindəki körpü ilə davam edir. Daha sonra asfalt yol Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərindən keçir və Salatınkəndinin yaxınlığındakı keçmiş magistral yola çıxır.
Bizim.Media