“Qarabağ bizim deyil, onu saxlaya bilmərik” – Erməni deputatın ETİRAFI

Hazırda oxunan: “Qarabağ bizim deyil, onu saxlaya bilmərik” – Erməni deputatın ETİRAFI

87860

Xəbər verdiyimiz kimi, rəsmi Bakı Laçın dəhlizi boyunca “məskunlaşan” ermənilərə avqustun 25-dək ərazini tərk etmələri üçün ultimatum verib. Ancaq onlar İrəvandan gələn jurnalistlərə buradan çıxmayacaqlarını bəyan edirlər. 

Laçın rayonunda qanunsuz məskunlaşan Suriya və Livan erməniləri nə qədər çığır-bağır salsalar da həm özləri, həm də Ermənistan hakimiyyəti bu ərazilərin Azərbaycan torpağı olduğunu yaxşı bilirlər. Nümunə üçün heç də uzağa getməyək. 

Mövzu ilə bağlı Bizim.Media Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Vigen Xaçatryanın hələ 2022-ci ilin iyununda erməni mediasına verdiyi müsahibəni olduğu kimi sizə təqdim edir.

Jurnalist: “Sakinlər evlərini tərk etməyəcəklərini deyirlər. Zabux kəndinin başçısı və sakinlər bildirirlər ki, niyə evlərini, torpaqlarını qoyub getsinlər?”.

Xaçatryan: “Neçə vaxtdır orada yaşayırlar?”.

Jurnalist: “Fərqli illərdə”.

Xaçatryan: “Təbii ki, bu insanların günahı yoxdur. Onların yükünü yüngülləşdirmək üçün hər şey edilməlidir. Bu dövlətin məsuliyyətidir. Amma görünən odur ki, dövlət durub deyə bilməz ki, bura Ermənistanın ərazisidir. İnsan özünə aid olmayanı yaxşı bilir. Əgər sənin deyilsə və min dəfə “mənimdir” desən, heç kim bununla razılaşmayacaq. Biz həqiqətin gözünə dik baxmalıyıq. Həmişə demişəm ki, tarixi ədalət, tarixi reallıq var. Hər ikisi vacibdir, amma reallığı gözardı edib ədalətdən danışmaq olmaz. Bu, Ermənistanı təhlükə altına almaq deməkdir. Biz müharibədən qaçmaq istəyirik, çünki bu gün buna hazır deyilik. Əgər nədənsə imtina etməkdən danışırıqsa, biz heç nədən imtina etmirik. Sadəcə olaraq bizim olmayanı saxlaya bilmərik”.

Jurnalist: “Amma biz oranı illərlə saxladıq”.

Xaçatryan: “İllərdir saxlayaraq, etiraf etdik ki, bizim deyil. Dedik ki, qaytaracağıq və nəticədə 4 min qurbanımız oldu”.

Jurnalist: “Nə edək, Qarabağı təslim edək?”.

Xaçatryan: “Nə etmək lazım olduğunu deyirəm. Yalançı elmlə məşğul olmayın. Tarixi reallıqları qəbul edin və toqquşmadan qaçın. Ermənistanı müharibəyə cəlb etməkdən çəkinin. Bu, asan iş deyil”.

Jurnalist: "Camaatı müharibə ilə şantaj edirsiniz?".

Xaçatryan: “4000 qurban şantaj idi. Tarixi reallığı qəbul etmək lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin