Ermənistan öz ərazisində Laçından yan keçən yolun çəkilişinə başladı

Hazırda oxunan: Ermənistan öz ərazisində Laçından yan keçən yolun çəkilişinə başladı

85925

Erməni tərəfi Laçından yan keçən yolun layihələndirilməsi işinə başlayıb. Təxminən bir ay əvvəl Kornidzor kəndinin (Qafan rayonu - red.) sakinləri yaxınlıqdakı əkin sahələrində bu işlə məşğul olan şəxsləri görüblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı kənd administrasiyasının üzvü Sevada Danielyan yayıb.

Onun fikrincə, yol çəkənlər yəqin ki, işə başlamazdan əvvəl kəndlilərin məhsul yığımını bitirməsini gözləyiblər.

“Hələlik dəqiq heç nə yoxdur, çünki insanlar tarlalardan məhsul yığmağa yeni başlayıb, bəlkə də bütün kənd təsərrüfatı işlərinin bitməsini gözləyiblər ki, sonradan öz işləri ilə məşğul olsunlar. Onların dəqiq nə etdiklərini deyə bilmərəm, çünki bu işdə ekspert deyiləm”. Danielyan “Azatutyun” radiosuna müsahibəsində belə deyib.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Sazişin 6-cı bəndinə əsasən, Rusiya sülhməramlılarının postlarının yerdəyişməsi ilə bağlı Laçından yan keçən alternativ dəhliz üç il ərzində tamamlanmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni yolun Azərbaycan ərazisindən keçən 32 kilometrlik hissəsinin tikintisini başa çatdırmaq üzrədir. Bu yol Laçın şəhərindən yan keçməklə tikilir.

Xocalı inzibati rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərindən keçəcək bu yol Şuşa-Xankəndi magistralı ilə birləşdiriləcək.

Bundan əvvəl Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Ermənistan hökuməti Laçın dəhlizinə alternativ olan yeni yolun 8 kilometrlik hissəsinin tikintisi üçün tender elan etməyə hazırlaşır. Qəzet tenderin avqustda elan ediləcəyini iddia edib.

Eyni zamanda, Azərbaycan tərəfinin Laçın şəhərindən yan keçən yeni yolun Ermənistan hissəsinin tikintisini öz üzərinə götürmək istədiyi, lakin baş nazir Nikol Paşinyanın Ermənistanda etirazlara səbəb olmamaq üçün bu təşəbbüsü dəstəkləmədiyi bildirilirdi. 
Azərbaycanın mövqeyi son dərəcə aydındır. Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Laçın şəhərinin azad edilməsi üçün tikinti işlərini tez bir zamanda başa çatdırmaq lazımdır. Ermənistan tərəfinə gəlincə, o, yolun öz ərazisindən keçən hissəsinin tikintisini mümkün qədər ləngitməyə çalışır.

Onu da nəzərə almaq lazımdır ki, hazırda Laçın şəhərində qanunsuz məskunlaşmış 50 erməni ailəsi yaşayır.

Gələcəkdə Ermənistan hökuməti onları Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə yerləşdirməyi planlaşdırır. Eyni zamanda, Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan Suriya ermənilərinin taleyi sual altında qalır. Onlar isə ərazidən köçmək istəmədiklərini deyiblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin