“Whatsapp” statusu 17 yaşlı gəncin HƏYATINI BİTİRDİ  

Hazırda oxunan: “Whatsapp” statusu 17 yaşlı gəncin HƏYATINI BİTİRDİ  

84419

Ağsu rayonunda 2005-ci il təvəllüdlü Cabir Müseybov şəxsi münasibətlər zəminində 16 yaşlı Nihad Məmişovu qətlə yetirib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Cabir 15 iyun 2021-ci ildə saat 17 radələrində tanışı Nihadın “whatsapp” tətbiqetməsinin status bölməsinə yerləşdirdiyi videonun şərh hisəssində, onunla qonşuluqda yaşayan qızın adının baş hərfini yazmasını görüb.

O, Nihada mesaj yazaraq həmin yazını silməsini tələb edib.  

Nihad həmin yazını silməyəcəyini bildirib və bir-birlərinə təhqiredici məzmunda mesajlar və səs yazıları göndəriblər. Onlar bu məsələni aydınlaşdırmaqdan ötrü Ağsu şəhərində görüşməyə razılaşıblar. Həmin gün saat 20 radələrində onlar deyilən ünvanda görüşüblər.  
Sonra mübahisəni davam etdirmək məqsədi ilə birlikdə Ağsu rayon Qaraqaşlı kənd qəbristanlığının yaxınlığına gediblər.  

Orada Nihadın qızın adının telefondan silməməsini bəhanə edən Cabir onun sifət nahiyəsindən bir yumruq zərbəsi vurub.  

Sonra yerə yıxaraq onu döyüb. Nihad ağır xəsarətlə xəstəxanaya yerləşdirib. O, iyunun 2-də xəstəxanada ölüb.  

İstintaq orqanı tərəfindən Cabirin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Bilal Məmmədovun icraatında araşdırılıb.  

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Cabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  

Cabirin ifadəsinə görə, qonşuluqda yaşadığı Nihadla münasibətləri normal olub:  

“İyunun 15-də günorta saatlarında dayım İlqar Soltanov, nənəm Sima Soltanova, xalam oğlu və dayımın azyaşlı uşaqları ilə birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayan xalam Əsmayəgilə qonaq getdik.  

Saat 15.30-da mobil telefonundakı “whatsapp” mesajlaşma proqramına daxil olduqda Nihadın statusa sevgi münasibətlərini əks etdirən video yerləşdirməsini, həmin videonun şərh hissəsində isə qonşumuzun Ləmanın (adlar şərti verilib – red.) adının baş hərfi olan “L” hərfini yazmasını gördüm.  
Bu zaman Nihada mesaj yazaraq kənar şəxslərin də Ləmanın adını görməsini, bunun yaxşı olmamasını və həmin statusu silməsini bildirdim. Nihad isə statusu silməyəcəyini bildirdi”. 

Cabir sonra ifadəsində Nihadla mübahisəsindən, dava-dalaşdan danışıb. O, əməlindən peşman olduğunu söyləyib.  

Məhkəmənin hökmü ilə Cabir 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin