İran və Rusiyanın Qərb valyutasından imtinası nəyi dəyişəcək? - ŞƏRH  

Hazırda oxunan: İran və Rusiyanın Qərb valyutasından imtinası nəyi dəyişəcək? - ŞƏRH  

83269

İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır. Bu barədə İran Mərkəzi Bankından bildirilib.

Bəs elə isə xarici ticarətdə dollardan imtina mümkündürmü və bu regiondakı ticari əlaqələrə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı Bizim.Media Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrənib.

Tanınmış iqtisadçı bildirib ki, nəzərə alaq ki, hər iki ölkəyə qarşı Qərbin sanksiyaları qüvvədədir və Rusiyaya qarşı daha sərt paketlərdən istifadə olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Qərb qarşısında Şərq ittifaqı – Rusiya, Çin və İrandan böyük həmlə


Ona görə də həm İran, həm də Rusiya xarici valyutalara, xüsusən də dollara tələbi yüksək olan ölkələrdəndir. İran ilə Rusiya arasındakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə 1 milyard 595 milyon dollar olub.

Cənub qonşumuzun Rusiyaya ixracatı yarım milyard dollardan da azdır. 2021-ci ildə isə qarşılıqlı ticarət 81 faiz artsa da, yenə də ümumi dövriyyə böyük rəqəmlə ifadə olunmur. Regionun aparıcı dövlətlərindən olan iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 3.3 milyard dollar olub.

Doğrudur, bu ilin ilk rübündə sözügedən dövlətlər arasında ticarət 10 faiz artıb. Bununla belə, yenə də ticari əlaqələrin daha da dərinləşdirilməsi üçün bəlli çağırışlar qalmaqdadır.

Bununla belə, tərəflər illik ticarət dövriyyəsini 10 milyard, 2025-ci ilədək isə 40 milyard dollaradək artırmağı hədəfləyirlər. Amma mövcud rəqəmlər göstərir ki, reallıq ilə hədəflər arasında fərq kifayət qədər böyükdür”.
Millət vəkili daha sonra əlavə edib ki, sözügedən ölkələr arasında ticarət dövriyyəsi böyük olmadığı üçün dollardan imtina reallaşsa belə, bu regiondakı valyuta tələbinə xüsusi təsir etməyəcək:

”Digər tərəfdən, hər iki dövlət üçün xarici valyuta cəlb etmək prioritet olduğu üçün belə bir addımın tam rellaşacağı ilə bağlı da xeyli suallar var. İndiyədək Latın Amerikası və Asiyada yerləşən bir neçə aparıcı ölkələr də dollardan imtina etməyə çalışsalar da, bunu reallaşdıra bilməyiblər. Belə görünür ki, ABŞ pulundan imtina heç də düşünüldüyü kimi asan deyil - hətta Vaşinqtonun düşmənləri üçün də belə”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin