Bizim.Media məlumat verir ki, Cənubi Qafqaz və Türkiyədəki münaqişələrlə bağlı məsələlərin təhlili istiqamətində fəaliyyət göstərən müstəqil onlayn nəşr “Caucasus Edition” aylıq veb seminarlar seriyasına start verib.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ Ermənistandır” demək açıqca təxribat idi
Bu barədə qurumun tvitter səhifəsində məlumat verilib.
“Dağlıq Qarabağda sülh prosesi” adlı veb seminarların birincisi bu gün baş tutub. Veb seminarda qonaq qismində Azərbaycandan Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev və Ermənistandan politoloq Jirayr Libaridyan, aparıcı qismində isə Sevil Hüseynova və Filip Qamaqelyan iştirak ediblər.
Seminar ərzində erməni qonaq münaqişə ilə bağlı maraqlı məqamlara toxunub. Libaridyanın fikrincə, əgər azərbaycanlılar gələcəkdə öz dominatlığını diqtə edəcəklərsə, heç bir razılaşmadan söhbət gedə bilməz.
Razılaşma olmayacaq, çünki ermənilər buna onsuz da inanmırlar və kiçik bir problem yarandıqda razılaşmaya qarşı çıxacaqlar.
“Əgər hər iki tərəfin birgə yaşayışı təmin olunacaqsa, ermənilərə deyəcəklərsə ki, buyurun yaşayın bu torpaqlarda onda hər iki tərəf üçün hər şey yaxşı olacaq”,- deyə Libaridyan qeyd edib.
Jirayr Libaridyan ilk olaraq tərəflərin daha bir müharibə olmaması üçün çalışmalı olduqlarını vurğulayıb.
“Tərəflər gələcəkdə qonşu yoxsa, rəqib olacaqlarını Qarabağa BMT-ni yoxsa, Rusiyanı gətirmək istədiklərini düşünməlidirlər”,- deyə o, əlavə edib.
Qarabağın tanınmasının hər iki tərəf üçün problemli olduğunu bildirən Libaridyan, təkcə Rusiyanın varlığındansa, BMT və Rusiyanın eyni anda Qarabağda olmalarının daha yaxşı nəticə verə biləcəyini qeyd edib.
Onun fikrincə, Rusiyanın tək məqsədi bu əraziləri idarə etməkdir və əlinə düşmüş bu fürsəti heç vaxt itirmək istəməyəcək.
Rusiya 5 il sonra bölgədən getməyə də bilər və nəyisə bəhanə edərək yenidən müharibəyə səbəb ola bilər.
“Rusiya belə bir şansı heç vaxt əlindən verməyəcək, bir bəhanə ilə qalmağa çalışacaq, belə olduğu təqdirdə Türkiyə və Azərbaycan Rusiya ilə müharibə etməli olacaq”, - deyə o, qeyd edib.
Beynəlxalq təşkilatlara inanmadığını qeyd edən erməni politoloq, böyük dövlətlər tərəfindən qurulduğu üçün məhz onların idarəçiliyində olduğuna da diqqət çəkib: “Qarabağda sülhün olması böyük dövlətlərin marağında deyil”.
Xatırladaq ki, Jirayr Libaridayan Sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1990-cı illərdə Ermənistan xarici işlər nazirinin müavini, tarixçi və hazırda ABŞ-ın Michigan Universitetində Erməni Araşdırmaları Proqramının direktorudur.
Bizim.Media